RU

Almaniya məhkəmələrində sığınacaq iddiaları ilə bağlı işlərin sayı kəskin artıb

Berlin, 5 mart, AZƏRTAC

Almaniyanın inzibati məhkəmələrində ölkədə sığınacaq verilməsinə dair müraciətlərin rədd edilməsi ilə bağlı iddiaların sayı son illərin ən yüksək həddinə çatıb.

AZƏRTAC “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, 2024-cü ilin ilk aylarında 100 mindən çox yeni iş qeydə alınıb. 2023-cü ildə bu rəqəm 72 min, bir il əvvəl isə 62 min olub. Bu artımın əsas səbəblərindən biri Almaniya Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsinin (BAMF) əvvəlki illərdən yığılıb qalan işləri daha sürətli şəkildə həll etməsidir. Ən çox iddia (19 min 267) Şimali Reyn-Vestfaliya, Bavariya (15 min 278) və Baden-Vürtemberq (12 min 755) əyalətlərində qeydə alınıb. Son iki ildə ən böyük artım isə Brandenburq (134 faiz artımla 6138 iş) və Meklenburq-Ön Pomeraniya (116 faiz artımla 2647 iş) əyalətlərində müşahidə olunub.

Məhkəmə işlərinin icra müddətində bəzi irəliləyişlər olsa da, proses hələ də çox vaxt aparır. Almaniya Hakimlər İttifaqı inzibati məhkəmələrin yüklənmiş vəziyyətdə olması, sığınacaq iddialarının sürətli artımı fonunda işlərə qısa müddətdə baxılması tendensiyasının dayana biləcəyi barədə xəbərdarlıq edib. Ekspertlər sığınacaq işlərinin daha ixtisaslaşmış məhkəmə bölmələrində (Sığınacaq Palataları - Asylkammern) cəmlənməsini və əlavə hakimlərin təyin olunmasını tövsiyə edirlər. Almaniya hökuməti isə prosesin sürətləndirilməsi üçün inzibati məhkəmələrin resurslarını artırmağı və məhkəmə sistemində əlavə islahatlar aparmağı nəzərdən keçirir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
12
azertag.az

1Источники