RU

PMS imtahanları: ACCA-da tanınma, elektron format, rəqəmlər

Növbəti peşəkar mühasib sertifikatı (PMS) imtahanlarının elektron formada keçirilməsi gündəmdədir. Bu barədə Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq Abdulla "Vergi və Mühasibatlıq Zirvəsi 2025"-in panel müzakirələrində açıqlama verib: “Biz elektron imtahan formasını hazırlamışıq və yaxın vaxtlarda ictimaiyyətə təqdim etməyi planlaşdırırıq. Ondan öncə isə ACCA ( İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) ilə əməkdaşlığımız çərçivəsində onlarla yeni memorandum üzərində işləyirik. PMS-in ACCA tərəfindən F7 və F6 səviyyəsində tanınması istiqamətində bir çox məsələlər artıq razılaşdırılıb. Yaxınlarda bununla bağlı ACCA rəsmiləri ilə memorandumun imzalanması gözlənilir”.

F.Abdulla bildirib ki, PMS sertifikatı alan şəxs ACCA-ya üzv olduqdan sonra həmin sertifikat F7 səviyyəsində tanınacaq. Bu halda onun növbəti 5 ildə PMS sertifikatı imtahanında iştirakına ehtiyac qalmayacaq. Eyni halın vergi tərəfi, yəni F6 səviyyəsində də reallaşması gözlənilir: “Cünki ACCA-nın F7 və ya F6 səviyyəsində sertitikatları PMS imtahanının müvafiq mərhələləri üzrə imtahandan azad edir. Bir məsələni qeyd edək ki, bu cür azadolmalar ixtisaslı mühasiblər, yəni maliyyə və ya iqtisadiyyat üzrə təhsili olan şəxslər üçün nəzərdə tutulur. Digər ixtisasa malik PMS sertifikatı olan şəxslər ACCA F3 modulunda imtahan verməli olacaqlar. F3 sertifikatını aldıqdan sonra onlara da eyni hüquq veriləcək. F3 səviyyəsində olan imtahanlara universitet tələbələrinin də buraxılması nəzərə tutulub. Bunun faydası daha çox Azərbaycan dilində təhsil alan gənclərə toxunacaq. Onlar ana dilində F3 imtahanı verməklə əmək bazarına daxil olmalarını asanlaşdıracaqlar”.

Mühasiblər niyə imtahan edilir?

DİM təmsilçisi müəssisə və təşkilatların əksəriyyətində mühasibat uçotunun səviyyəsinin qənaətbəxş olmadığını qeyd edib. Bunun əsas səbəblərini maliyyə savadlılığının və insan resurslarını idarəetmə sisteminin lazımi keyfiyyətdə olmaması və bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac duyulduğu ilə əlaqələndirib: “Maliyyə savadlılığının artırılması istiqamətində PMS-in əldə edilməsi üçün keçirilən imtahanlar olduqca əhəmiyyətlidir. İmtahanlar vasitəsilə mühasiblər hansı mövzular üzrə özlərini təkmilləşdirməli olduqlarını müəyyən edir, nəticədə mövcud biliklərini nüfuzlu sertifikatla sübut etmiş olurlar. Bu baxımdan, PMS imtahanları zəruridir”.

Peşəkarlığın ölçülməsinin yolu və effekti

İmtahanların effektivliyinə gəlincə, F.Abdulla bildirib ki, imtahan suallarının lazımi keyfiyyətə çatdırılması üçün bəzi tələblər var: “Bu istiqamətdə hər il təkmilləşdirmə işləri aparırıq. İmtahan suallarının sayına və əhatə etdiyi mövzulara yenidən baxılmasına ehtiyac var. İmtahan suallarının azaldılması ilə bağlı ekspertlərlə birgə təkliflər də hazırlamışıq”.

Paneldə iştirak edən “Good Finance” şirkətinin vergi məsləhətçisi Teymur Əşrəf də PMS imtahanlarının əhəmiyyəti barədə sualları cavablandırıb. Bildirib ki, sertifikatın tətbiqindən sonra Azərbaycan dilində bu sahəyə aid dəyərli ədəbiyyat dərc olunub, eləcə də maliyyə sektoruna canlanma gəlib. Peşəkarlığın bilik, bacarıq, təcrübə, idarəetmə və yanaşmadan asılı olduğunu deyən T.Əşrəf PMS imtahanlarında reallığa uyğun datalar əsasında bəyannamə tərtib edilməsini, uyğunsuzluq məktublarının cavablandırılması kimi tələblərin olmasını təklif edib.

Fərqanə ALLAHVERDİQIZI

Избранный
72
vergiler.az

1Источники