RU

Gürcüstanda dil kurslarını bitirən din xadimlərinə sertifikatlar təqdim olunub

Tbilisi, 5 mart, AZƏRTAC

Gürcüstan Hökumətinin Administrasiyasında Zurab Jvaniya Dövlət İdarəçilik Məktəbi (Jvaniya Məktəbi) və Dini Qurumlarla İş üzrə Agentlik birgə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkədəki dini icmaların rəhbərləri və üzvləri üçün nəzərdə tutulmuş “Ruhanilər üçün dövlət dili” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub. Dil kursunu müvəffəqiyyətlə bitirənlər arasında Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev də olub.

Jvaniya Məktəbinin direktoru Ketevan Jakeli çıxış edərək layihənin milli əhəmiyyətindən danışıb, dinləyicilər üçün gürcü dilinin tədrisinin tam dövlət tərəfindən maliyyələşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu, cəmiyyətdə inteqrasiya və qarşılıqlı anlaşmaya təkan verən ölkənin inkişafı üçün çox mühüm addımdır.

Layihənin mərhələləri və əldə olunan nəticələr Dini Qurumlarla İş üzrə Agentliyin sədri Zaza Vaşakmadze tərəfindən də müsbət qiymətləndirilib.

Bu il tədris prosesinin Tbilisi, Marneuli, Qardabani, Saqareco, Dmanisi və Axalkalakidə keçiriləcəyi bildirilib. Qeyd olunub ki, Gürcüstan Müsəlmanları İdarəsi, Yevangel Lüteran Kilsəsi, Erməni Kilsəsinin Gürcüstan Yeparxiyası və Qafqaz Latın Katolik Apostol Administrasiyasının nümayəndələri dil biliklərini artırmaq üçün təhsillərini davam etdirirlər.

Xatırladaq ki, 2019-cu ildə Jvaniya Məktəbi və Dini Qurumlarla İş üzrə Agentlik ilə əməkdaşlıq çərçivəsində müxtəlif dini konfessiyalar üçün dövlət dilinin tədrisini nəzərdə tutan çox mühüm layihənin - “Ruhanilər üçün dövlət dili”nin əsası qoyulub. İdeyanın həyata keçirilməsi üçün Jvaniya Məktəbi və agentlik əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu əməkdaşlıq çərçivəsində 2019-2024-cü illərdə 233 din xadimi dövlət dilini mənimsəyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
16
azertag.az

1Источники