RU

“O olmasın, yubiley olsun”

   Bu il dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, tanınmış ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Dahi bəstəkarın 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanmış, buna görə də, bir sıra mədəniyyət ocaqlarında, təhsil müəssisələrində silsilə tədbirlərin təşkili nəzərdə tutulmuşdur. 

   Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilən tədbirlər çərçivəsində sənətşünas Sədaqət Əliyevanın kuratorluğu ilə Azərbaycan musiqisində operetta janrının əsasını qoyan dahi bəstəkarın “O olmasın, bu olsun” əsərinin 115 illiyinə həsr edilmiş “O olmasın, yubiley olsun” adlı tədbir təşkil olunacaq. 

   Gecədə muzeyin ekspozisiya və kütləvi işlər üzrə şöbə müdiri bəstəkar Vəfa Bağırzadənin təqdimatında musiqi dühasının 1910-cu ildə qələmə aldığı “O olmasın, bu olsun” əsərinə nəzər salınacaq, həmçinin kinoşünas Hacı Səfərovun çıxışında “O olmasın, bu olsun” operettası əsasında çəkilmiş eyniadlı film haqqında dəyərli məlumatlar dinləniləcək. Ekran işinin Azərbaycan kinosundakı əhəmiyyəti ilə bağlı maraqlı məqamlar işıqlandırılacaq. 

   Tədbirdə, həmçinin sənətşünas Sədaqət Əliyeva tərəfindən “Geyimlər də rol oynayır” adlı mühazirə təqdim olunacaq. Mühazirədə filmdə nümayiş olunan 1910-cu il Bakı sakinlərinin geyim dəbi haqqında məlumatlar diqqətə çatdırılacaq. Bədii hissədə isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları tərəfindən “O olmasın, bu olsun” əsərindən hissələr səhnələşdiriləcək. 

   Tədbir 2025-ci il 14 mart tarixində saat 14:00-da Üzeyir Hacıbəylinin ev-muzeyində keçiriləcək. 

XQ

Избранный
22
3
xalqqazeti.az

4Источники