Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyanın paytaxtı Moskvada həbs olunub.

Offsideplus.az Rusiyanın Sport Baza teleqram kanalına istinadən xəbər verir ki, 31 yaşlı keçmiş idmançı dələduzluqda ittiham olunur.

Belə ki, A.Abatsiyev dələduzluq prinsipləri ilə fəaliyyət göstərən sxemdə kuryer vəzifəsini yerinə yetirirmiş. O, sonuncu dəfə təqaüdçünü aldadaraq, onun 14 milyon rublunu (təxminən 265 min manat) mənimsəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları A.Abatsiyevi yanvarın 24-də saxlayıblar. Bundan 2 gün sonra isə onun barəsində dələduzluq maddəsi həbs-qəti imkan tədbiri seçilib. Cinayət sübuta yetirələcəyi təqdirdə, 10 il həbs cəzası kəsilə bilər.

Xatırladaq ki, Rusiyanın Vladiqafqaz şəhərində doğulan Abdullanın atası azərbaycanlıdır. Sabiq yarımmüdafiəçi ölkəmizdə "Sumqayıt" və "İnter" klublarında forma geyinib. Aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarında da oynayan Abatsiyev əsas milli komandamızda yeganə matçını 2014-cü ildə ABŞ-a qarşı keçirib.

Onu da əlavə edək ki, futbolçu son vaxtlar Rusiya Medialiqasında "Fight Nights" komandasında top qovub.