Hacıqabul rayonunda Məhsəti Gəncəvi küçəsinin sakinləri yolun yararsız halda olmasından şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a müraciət daxil olub.
Qeyd olunub ki, küçənin bərbad vəziyyətdə olmasından hamı əziyyət çəkir:
"İki azyaşlı övladımı qış aylarında zorla məktəbə yola sala bilirəm. Palçıq, su əlindən hərəkət etmək olmur. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, problemi həll edən yoxdur."
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov bildirib ki, satınalma planına uyğun olaraq Hacıqabul şəhərində hər il 30 min kvadrat metr və ya yeddi kilometr uzunluğunda yollara asfalt örtüyü döşənir.
"Məhsəti Gəncəvi küçəsi də 2025-ci ilin satınalma planına salınıb. Hazırda layihələndirmə mərhələsindədir, layihə-smeta sənədlərinin hazırlanması üçün kotirovka sorğusu keçirilib.
Layihələndirmə işləri başa çatdıqdan sonra işlərin görülməsi üçün tender keçiriləcək. Tenderin qalibi ilə müqavilə bağlandıqdan sonra isə işlərin görülməsi həyata keçiriləcək", - deyə S.Ələskərov bildirib.