Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya çempionu tituluna daha bir addım yaxınlaşıb.

Offsideplus.az xəbər verir ki, həmvətənimizin formasını geyindiyi "Eqnatiya" bu gün ölkə çempionatının XXVIII turunda vacib qələbə qazanıb.

Sözügedən komanda ən yaxın izləyicisi "Dinamo"nu (Tirana) doğma divarlar arasında məğlub edib - 2:0. Meydan sahibləri hər iki qolu birinci hissədə vurublar.

Matçın sonları isə gərgin anlara səhnə olub. Görüşün baş hakimi həm "Eqnatiya", həm də "Dinamo"dan bir futbolçunu qovub.

Start heyətdə meydançaya çıxan Zamiq Əliyev yalnız son saniyələrdə - 90+7-ci dəqiqədə əvəzlənib.

Qələbə sayəsində "Eqnatiya" xalını 52-yə çatdırıb və liderliyini möhkəmləndirib.Qızıl medallar uğrunda mübarizədə ən yaxın təqibçilər "Vlajniya" (49 xal) və "Dinamo"dur (47 xal).

Xatırladaq ki, Z.Əliyev ötən ilin yayında "Eqnatiya"ya transfer olunub. Yığmamızın da şərəfini qoruyan 23 yaşlı müdafiəçi yeni klubunda bütün yarışlarda 32 matçda forma geyinib.