RU

Almaniyanın sığınacaq hüququ verdiyi 132 əfqan Berlinə gətirilib

Berlin, 6 mart, AZƏRTAC

Almaniya tərəfindən sığınacaq hüququ verilmiş 132 əfqan qaçqın ölkəyə gətirilib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Pakistandan çarter reysi ilə Almaniyaya gətirilən qaçqınların 72-si qadın, 58-i kişi, 57-si uşaqdır. Bununla yanaşı, sənədlərində problemlər aşkarlanan 25 nəfərin uçuşu son anda ləğv olunub.

Əfqan qaçqınların əksəriyyəti Almaniyanın Federal Qəbul Proqramı çərçivəsində ölkəyə gətirilib. Onlardan 74 nəfəri risk altında olan şəxslər və onların ailə üzvləridir. Almaniya hökuməti artıq yeni qəbul üçün razılıqların verilmədiyini açıqlayıb.

Qeyd edək ki, Xristian Demokratlar İttifaqından (CDU) və Xristian Sosialistlər İttifaqından (CSU) olan bəzi siyasətçilər hökuməti bu proqramları dayandırmamaqda tənqid edib və Əfqanıstana deportasiyaların həyata keçirilməsi üçün addımlar atmağa çağırıblar.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Talibanın 2021-ci ildə hakimiyyətə gəlməsindən sonra 48 min nəfərə sığınacaq hüququ verilib və onlardan 35,8 min nəfəri artıq Almaniyaya gətirilib. Hazırda 3 min nəfərin sənədlərinin yoxlanılması prosesi aparılır. Onlar Almaniya ordusu və digər dövlət qurumları ilə əməkdaşlıq etmiş yerli sakinlər, insan haqları fəalları, jurnalistlər və Taliban rejimi tərəfindən təqib olunma riski daşıyan digər peşə sahibləridir.

Sonuncu belə çarter reysi fevralın 25-də həyata keçirilib və 155 əfqan qaçqın ölkəyə gətirilib.

 
Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
23
azertag.az

1Источники