RU

Qonaq getmək ənənəsi yavaş-yavaş tarixə qovuşur – ARAŞDIRMA

Dədə-babalardan bizə ötürülən və son zamanlara kimi də sevə-sevə gətirilən qonaq gedib-gəlmək adətimiz niyə unudulur?

Hazırda nə paytaxt Bakıda, nə də ki, bölgələrdə qonaq getmək ənənəsi aktual deyil. Əvvəl həftədə ən az 1 dəfə görüşən insanlar, qohumlar indi aylarla bir-birinin üzünü görmürlər.

“Heftelik.az” xəbər verir ki, “Xəzər xəbər”in apardığı sorğu zamanı sakinlər buna bir neçə amilin səbəb olduğunu deyirlər. Onlar bildiriblər ki, insanlar arasında olan bu cür soyuqluq ilk növbədə iqtisadi-sosial durum, texnollogiyanın inkişafı və insanların daha komfortda yaşamaq istəmələri səbəbindəndir. Belə ki, hazırda iqtisadi baxımdan ailəni dolandırmaq üçün evdə hər kəs işləmək məcburiyyətindədir. Bu isə vaxt çatışmazlığına gətirib çıxarır. Bundan başqa, texnologiyanın inkişafı nəticəsində məsafədən asılı olmayaraq telefonla istədiyi insanla əlaqə saxlayıb danışa bildiyi üçün bir-birlərinin evlərinə də getməyə ehtiyac qalmır.

Mütəxəssislərin sözlərinə görə, iş, təhsil və sosial qayğılar, həmçinin sosial şəbəkələr insanlar arasında özgələşmə və uzaqlaşmağın bir nömrəli silahına çevrilib. Onların sözlərinə görə, əgər daha əvvəlki dövrlərdə qonşu-qonşunun pis və ya yaxşı günündə onunla birgə olurdusa indi telefon və ya sosial şəbəkədə əlaqə saxlamaqla kifayətlənirlər.

Psixoloq Qətibə Abdullayeva məsələyə münasibət göstərərək bildirib ki, hazırda insanlar arasında baş verən münasibətlərin soyuqlaşması post pandemiya dövründən yaranmağa başlayıb və dərinləşə-dərinləşə davam edir. Psixoloqun sözlərinə görə, hazırda insanların yalnız telefon və sosial şəbəkə ilə bir-birləri ilə əlaqə saxlayaraq kifayətlənməsi onların illər sonra bir-birləri ilə münasibətlərinə mənfi təsir edə bilər.

İnsanlar arasında münasibət soyuqlaşmasının başqa bir səbəbi isə bəzən insanların qonaq qəbul etmək üçün təmtaraqlı süfrələr açmaq məcburiyyəti hiss etmələridir. Bu isə iqtisadi baxımdan hər zaman mümkün olmadığı üçün bu görüşlərin keçirilməsi də təxirə salınır.

Mütəxəssislər isə bildirirlər ki, qonaq gedib-gəlmək təmtaraqlı və bahalı süfrələr ilə deyil isti münasibət fonunda daha səmimi olur. Əsas olan insanların bir-birləri üçün vaxt ayırmalarıdır.

Müəllif: Türkan_zadə

Избранный
10
heftelik.az

1Источники