"Qarşıdakı döyüşdə Rafael Fiziyev ya vaxtından əvvəl qələbə qazanacaq, ya da xal hesabında uduzacaq. Məntiq belədir: Rafael əllərinin sürəti hesabına nokautla qalib gələ bilər. Əks halda, Qeyci döyüşü sonadək davam etdirib, yorğun rəqbi üstələyəcək".
Offsideplus.az xəbər verir ki, bu sözlər UFC313 yarışında martın 9-da ABŞ-ın Las Veqas şəhərində azərbaycanlı Rafael Fiziyevlə yerli idmançı Castin Qeycinin görüşü barədə Rusiya mətbuatının hazırladığı analitik məqalədə yer alıb.
Yazıda 2 il öncə idmançılar arasında baş tutan ilk döyüş xatırlanıb: "Həmin görüşü Qeyci təcrübə sayəsində qazandı. Hər iki idmançı yorulmuşdu, Rafaelin tempi aşağı düşmüşdü, cəldlikdən əsər-əlamət yox idi. Qeyci 3-cü raundda faktiki olaraq, bir zərbə ilə döyüşün taleyini həll etdi".
Bildirilib ki, martın 9-dakı döyüşdə R.Fiziyev favorit sayılır: "Niyə Rafael favoritdir? Çünki o, diz zədəsinə görə 1 ildən çox oktaqondan kənar qalıb. Qeyci isə son döyüşdə Maks Hallou tərəfindən sərt döyülüb. Onun taktikası belədir: sanki hər dəfə bədəninin dözümlülüyünü test edir. Bu, üsul əvvəl-axır idmançını pis vəziyətdə qoyacaq. Yəqin ki, qarşıdakı döyüşdə Qeyci təşəbbüsü Fiziyevə verəcək və əks-hücumlara, xüsusilə rəqibin diz zədəsini nəzərə alıb loukiklərə üstünlük verəcək. Amma unutmayaq ki, Rafael Fiziyev təkcə aqressiv döyüşçü deyil, o həm də yüksək templi, yaxın məsafəli döyüş təklif edir. Paralel olaraq, rəqibi duruşunu cəld dəyişməsi ilə çaşdırıb, bədənə diz zərbələri endirməyi xoşlayır".