RU

Hər kəs psixoloq ola bilməz: “Bu, psixoloji sağlamlıq üçün ciddi risklər yaradır”- Millət vəkilindən AÇIQLAMA

“Psixoloji xidmətlərin cəmiyyət üçün nə qədər vacib olduğu nəzərə alınarsa, bu sahənin peşəkar şəkildə tənzimlənməsi aktualdır. Hazırda ölkəmizdə psixoloqların fəaliyyətini lisenziyalaşdıran konkret mexanizm mövcud deyil, ancaq bu istiqamətdə müəyyən addımların atılacağı istisna edilmir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Millət vəkili vurğulayıb ki, lizenziyalaşdırma psixoloji xidmətlərin keyfiyyətini artırmaq, qeyri-peşəkar şəxslərin bu sahədə fəaliyyət göstərməsinin qarşısını almaq və vətəndaşların hüquqlarını qorumaq üçün effektiv vasitədir:

“Hazırda Azərbaycanda yetərincə peşəkar və akademik səviyyədə biliklərə sahib psixoloqlar olsa da, eyni zamanda, bu sahədə qeyri-peşəkar fəaliyyət göstərən, yetərli təhsil almadan psixoloji məsləhət verən şəxslər də var. Bu, psixoloji sağlamlıq üçün ciddi risklər yaradır.

Sadəcə bunun üçün də çərçivə olmalıdır. Belə ki, lisenziya almaq üçün təkcə ali təhsil kifayət etməməli, psixoloqlar mütəmadi olaraq ixtisasartırma kurslarından keçməlidirlər. Eyni zamanda lisenziya almış psixoloqların fəaliyyəti mütəmadi olaraq müvafiq qurumlar tərəfindən yoxlanılmalı və peşə etikası pozuntularına qarşı konkret tədbirlər görülməlidir. Hər psixoloq öz ixtisaslaşdığı sahədə fəaliyyət göstərməli, məsələn, klinik psixologiya, psixoterapiya və s. kimi daha mürəkkəb sahələrdə yalnız müvafiq təhsil və təlim keçmiş mütəxəssislərə işləmək icazəsi verilməlidir”.

Millət vəkilinin sözlərinə görə, psixoloqların lisenziyalaşdırılması bir çox ölkələrdə uğurla tətbiq edilən bir təcrübədir:

“Məsələn, ABŞ, Kanada, Böyük Britaniya və Avstraliya kimi ölkələrdə psixoloqlar yalnız müvafiq qurumlardan lisenziya aldıqdan sonra fəaliyyət göstərə bilərlər. Bu proses psixoloqların təhsil səviyyəsini, praktik təcrübəsini və etik kodekslərə uyğunluğunu təsdiqləyir. Azərbaycanın da bu modeldən bəhrələnməsi psixoloji xidmətlərin inkişafına müsbət təsir göstərə bilər. Lisenziyalaşdırma təkcə psixoloqlar üçün deyil, dövlət və cəmiyyət üçün də ciddi üstünlüklər yarada bilər. Belə ki, insanların psixoloji sağlamlığı daha etibarlı əllərə həvalə edilər.

Qeyri-peşəkarların fəaliyyətinin qarşısı alınar və bu sahədə standartlar formalaşar. Psixologiya sahəsində fəaliyyət göstərən şəxslər arasında rəqabət sağlam bir istiqamətdə inkişaf edər. Dövlətin psixoloji xidmətlər üzərində nəzarəti artar və sosial problemlərlə bağlı daha effektiv siyasət yürüdülə bilər”.

//Gülnarə Abasova, Editor.az

Избранный
16
editor.az

1Источники