RU

Nərgiz Qurbanova: “Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq”

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) baş məşqçisi Nərgiz Qurbanova AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, martın 12-18-də Bakıda təşkil olunacaq Avropa çempionatının ikinci seçmə mərhələsinin qrup oyunları barədə fikirlərini bildirib.

Qurbanova B Liqasının B qrupundakı ilk rəqib olan Lüksemburq yığmasını yaxşı tanıdıqlarını söyləyib:

“İlk oyundakı rəqibimiz Lüksemburq artıq bizə tanışdır. Ötən Avropa çempionatının seçmə mərhələsində onlarla qarşılaşmışdıq. Həmin matçı təhlil etdik və səhvlərimizin üzərində işlədik. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq”.

Baş məşqçi qrupun favoritini də açıqlayıb: “Bolqarıstan yığması qrupun favoritidir. Çünki onlar sonuncu dəfə A Liqasında çıxış edib, Fransa kimi komanda ilə heç-heçəyə nail olublar. Həmçinin Malta da yaxşı rəqibdir. Qrupumuzdakı hər üç matça ciddi hazırlaşmaq lazımdır. Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur. Öz azarkeşlərimizin dəstəyi altında doğma meydanda oynamağımızın bizə müsbət təsir göstərəcəyinə inanıram”, deyə Nərgiz Qurbanova bildirib.

Qeyd edək ki, U-17 millimiz martın 12-də Lüksemburq, 15-də Bolqarıstan, 18-də isə Malta yığması ilə qarşılaşacaq. Hər üç görüş “Bayıl Arena”da keçiriləcək.

Избранный
99
13
arena.az

10Источники