Bu fikirləri İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında səsləndirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin sovet hökuməti dövründə Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan və Türkiyənin arasında sədd çəkilməsinin səbəblərinə, Naxçıvanla quru bağlantısının pozulmasına toxunması böyük önəm daşıyır. Sovet hökuməti, o cümlədən rus imperializmi məhz bu səbəbdən Qərbi Zəngəzuru Ermənistana birləşdirmişdi. Əgər Azərbaycana aid torpaqların Ermənistana verilməsi ilə Azərbaycan və Türkiyə arasında bloklanmış zona yaradılmamış olsaydı, Azərbaycan və Türkiyənin ortaq fəaliyyəti üçün necə böyük perspektivlər açılacağını sovet hökuməti də anlayırdı. İndiki Azərbaycan-Türkiyə İttifaqının gücü və hədəfləri də onu göstərir ki, sovet hökuməti məhz o məkrli addımları atarkən indiki Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin qarşısına keçmək məqsədi güdürmüş".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Elçin Xalidbəyli bildirib. O qeyd edib ki, zaman Azərbaycan və Türkiyənin xeyrinə işləyir və Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə qarşı dayanmaq artıq mümkün deyil:
"İğdır-Naxçıvan qaz kəmərinin açılışının baş tutması təbii ki, olduqca önəmli hadisədir. Çünki Naxçıvan əhalisi nəhayət ki, enerji resursları ilə təmin olunacaq. Naxçıvanın enerji təhlükəsizliyi artıq birmənalı şəkildə təmin olundu və bu məsələ məhz Azərbaycanın strateji müttəfiqi Türkiyə üzərindən reallaşdırılmış oldu. Bu onu göstərir ki, Azərbaycan- Türkiyə ilə müttəfiq olaraq olduqca önəmli hədəflərə çatmaq imkanlarını, perspektivlərini də ön plana çıxarmış olur. Türkiyə Azərbaycan üçün, Azərbaycan da Türkiyə üçün olduqca böyük strateji əhəmiyyət daşıyır. Azərbaycan Türkiyənin Cənubi Qafqazda yerləşməsi üçün ən önəmli açar dövlətdir və eyni zamanda qardaş ölkədir, müttəfiq dövlətdir və Türkiyə üçün də Cənubi Qafqaz regionu geopolitik anlamda böyük önəm daşıyır. Bu baxımdan Cənubi Qafqazda Azərbaycan-Türkiyə İttifaqının fəaliyyəti, ortaq hədəfləri bu regionun gələcək taleyini müəyyən edə biləcək əsas faktordur. Eyni zamanda, Türkiyə üçün Azərbaycanın dəstəyi çox böyük önəm daşıyır. Çünki son vaxtlar Azərbaycan dövləti Türkiyənin atdığı bütün addımlara dəstək verdiyini açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, Suriya böhranının nizamlanması prosesində Azərbaycan Türkiyənin yanında olduğunu göstərir. Azərbaycan Türkiyəyə Suriya məsələsində tam şəkildə dəstək verir və Azərbaycan Türkiyə ilə bərabər addımlamaqda davam edir.
Müasir dövrün imkanları Azərbaycan və Türkiyənin ortaq fəaliyyəti qarşısında aciz duruma düşməkdədir. Bundan sonra iki qardaş ölkənin qlobal məkanda ortaq fəaliyyət göstərərək, türk dünyasının maraqlarını ən yüksək səviyyədə təmsil edəcəkləri qətiyyən şübhə doğurmur".
Səidə Ramazanova