RU

Azad Məsiyev: "Zəngəzurun dinc yolla geri qaytarılması gündəmdə saxlanmalıdır" – ÖZƏL

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  çıxışı zamanı Zəngəzur ilə bağlı tarixi faktları xüsusi vurğulayıb. Prezident bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozuldu.

Mövzu ilə bağlı Olaylar.az-a danışan Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri,  politoloq  Azad Məsiyev bildirib ki, Azərbaycan torpaqlarının ermənilərə verilməsi tarixi ədalətsizlikdir və Zəngəzurla Göyçənin geri qaytarılması məsələsi gündəmdə saxlanılmalıdır:

"1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda  Azərbaycanın 114 min kvadrat kilometr ərazisi vardı. Ermənistanın isə 9000 kvadrat kilometr ərazisi var idi və bu ərazilər beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən də qəbul edilmiş və təsdiqlənmişdi. 1920-ci ildə bolşeviklər Azərbaycan ərazisini işğal etdikdən sonra zaman-zaman Azərbaycan torpaqları ermənilərə hədiyyə olunmuş,  Azərbaycan xalqının iradəsinə zidd olaraq  Azərbaycan Respublikasının razılığı olmadan Ermənistana verildi. Bolşeviklər tərəfindən bu ədalətsizlik məqsədyönlü şəkildə idi. Yəni Cənubi Qafqazda ermənilər himayə olunurdu və Cənubi Qafqazda ermənilərin ərazisi genişləndirilərək Türkiyə ilə SSRİ-nin sərhəddində müəyyən bufer zonası yaratmaq məqsədi var idi. Yəni  Azərbaycanla Naxçıvanın əlaqəsini kəsmək, Türkiyə ilə tarixi əlaqələrimiz olan bu coğrafi bölgəni bir növ parçalamaq. Ümumilikdə ermənilər 30 illik  Azərbaycan ərazisini işğal altında saxlamaqla  Azərbaycanın bir çox bölgələrini də öz nəzarətinə keçirmək istəyirdi. Xüsusilə də Dağlıq Qarabağ və onun ətrafındakı rayonları da Ermənistan ərazisi kimi elan etmişdi və bugünkü konstitusiyada da həmin iddialar özünü göstərməkdədir. Təbii ki, 44 günlük Vətən savaşından sonra  Azərbaycan öz torpaqlarını azad etdi və tarixi torpaqlarımız olan Zəngəzur və Göyçənin də Azərbaycan torpağı olmasını  biz Azərbaycan xalqı olaraq unutmuruq. Hesab edirik ki, bu tarixi bir ədalətsizlikdir. Təbii ki, bu məsələlər gündəmdə qalır. Biz istər siyasi danışıqlarda, istər ictimai fəaliyyətimizdə bu məsələni mütləq şəkildə gündəmdə saxlamalıyıq və qərbi azərbaycanlıların geri qayıtması məsələsi gündəmdədir. Biz Zəngəzur və Göyçənin geri qaytarılmasını ictimai şüurda, ictimai fəaliyyətimizdə mütləq şəkildə qabartmalıyıq. Hesab edirəm ki, bu məsələlərin bir neçə yolu var. Xüsusilə də Ermənistan işğal olunmuş ərazilərimizə qeyri-rəsmi hesablamalara görə 300,  400 milyard dollar civarında ziyan vurub. Ermənilər bu təzminatı verməlidir. Bu gün Ermənistan iqtisadiyyatı buna imkan vermirsə, təbii ki, torpaq mübadiləsi ilə bunu biz gündəmdə saxlamalıyıq".

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması, tarixi torpaqların geri qaytarılması və Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsi məsələləri yeni siyasi reallıqlar fonunda müzakirə edilməyə davam edir.

"Ermənilər qonşularla dinc yaşama prinsipinə əməl etmək istəmir və Azərbaycanın torpaq iddiasını da gündəmdə saxlayır. Öz konstitusiyasını dəyişmir. Ümumilikdə, yeni bir siyasi situasiya yaranıb. Bu siyasi situasiyaya uyğun olaraq biz də öz tələblərimizi gündəmə gətirməliyik. Zəngəzur yolunun açılmasında da Ermənistan tərəfi məqsədyönlü şəkildə problem yaradır. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycan-Naxçıvan məsələsi deyil, ümumi Türk dünyasının əlaqələrinin genişlənməsidir. Ümumilikdə, indiki zamanda dünyada gedən proseslər onu göstərir ki, dünya yenidən qütbləşəcək. Dünya yenidən format olur və bu formatlaşma prosesində  Azərbaycan hansı güclərin əhatəsində olacaq. Hesab edirəm ki, Türk dövlətləri Təşkilatı fonunda Turan İttifaqının yaranması bir millət, ittifaq halına gəlməklə biz dünyada yeni güc mərkəzinə çevrilmiş olacağıq. Xüsusilə də Türk dünyası ilə əlaqənin genişləndirilməsi üçün Zəngəzur dəhlizi məsələsi xüsusi önəm daşıyır və bu baxımdan biz tarixi torpaqlarımız olan Zəngəzurun dinc yolla geri qaytarılmasını gündəmə gətirməliyik. Xüsusilə təzminat məsələsini. Ermənistan bizə vurduğu ziyanı ödəyə bilmirsə, onda  tarixi torpaqlarımızı geri qaytarmaqla bu təzminatı əvəzləyə bilərik.1920-ci ildən 1970-ci ilə qədər verilən torpaqlarımız tarixin ədalətsizliyi idi. Bu məsələdə tarixçilərimiz xüsusi fəallıq göstərməlidir, tarixi faktlar ictimailəşdirilməlidir. Bu məsələlərdə Azərbaycan dövlətinin də mövqeyi birmənalıdır. Azərbaycan Prezidenti də bunu dəfələrlə bəyan edir ki, bu tarixi ədalətsizlikdir. Torpaqlarımızın geri qaytarılması məsələsi gündəmdə olmalıdır. Ermənistan qonşularla dinc yaşamaq prinsipinə əməl etməyəcəksə, onda biz bu məsələni xüsusi qabartmalıyıq. Bu məsələlərdə ictimai fəaliyyət aktivləşməlidir, ictimai şüurda bu məsələlər müntəzəm şəkildə qabardılmalıdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники