RU

Sənədli evlər də sökülə bilər... - Kamran Bayramov

Yazını böyüt
Yazını kiçilt

Uzun müddətdir, ölkəmizdə sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdən düşmür. Bu məsələ vətəndaşları narahat edən problem olmaqla yanaşı, aidiyyatı dövlət qurumlarının da nəzarətindədir və bu istiqamətdə müəyyən işlərin görüldüyü qeyd olunur. Bu proses hazırda necə davam edir? Müsahibimiz Milli Məclisin deputatı Kamran Bayramovdur.

- Bir müddət əvvəl parlamentdə sənədsiz evlərin sənədləşdirilməsi məsələsini qaldırdınız. Bu məsələ ilə bağlı mövcud durumu necə dəyərləndirərdiniz?

- Hazırda cəmiyyətimizi narahat edən problemlərdən biri məhz sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlıdır. Rəsmi olaraq dəqiq rəqəm səslənməsə də, onların sayı yüz minlərlə ölçülür. Onu da qeyd etmək lazımdır ki, sənədsiz evlərin əksəriyyəti sovet dövründə tikilmiş evlərdir və həmin evlərdə uzun illər yaşayış olduğuna baxmayaraq, onların sənədləşdirmə prossesi hələ də həyata keçirilməyib. Bunun bir sıra səbəbləri mövcuddur. Məsələn, Bakı şəhərinin və Abşeron rayonunun ərazisində salınmış massivlərdə, qəsəbələrdə, kənd tipli yaşayış məntəqələrində olan torpaqlara və evlərə çıxarışların verilməməsinin səbəbləri kimi həmin torpaqların kolxoz və sovxozlar tərəfindən vətəndaşlara ayrılması, yerli icra hakimiyyətlərinin verdikləri sərəncamlar və daha sonra isə 2007-ci ilə qədər bələdiyyələrin vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılmasını göstərmək olar. Həmin ərazilərdə tikilmiş evlərin bəzilərinin sənədləşmə prosesi həyata keçirilirsə də, bu proses bütün evləri əhatə etmədi. Onlar tikinti qadağan olunmuş ərazilərdə yerləşirdi.

Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən yeni təkliflərin hazırlanması istiqamətində tədbirlər görülür. Xatırladım ki, bir müddət öncə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sənədsiz evlərin inventarlaşdırılması prosesinə start verilmişdi. Pandemiya səbəbindən bu prosesdə müəyyən ləngimələr olduğundan proses tam başa çatmamışdı. Dövlət Xidməti tərəfindən verilən rəsmi açıqlamalarda bu iş artıq davam etdirilir.

- Sənədsiz evlərin sənədləşdirilməsini ləngidən başlıca səbəblər, sizcə, hansılardır?

- Nəzərə almaq lazımdır ki, sənədsiz evlərin elə növü var, onların sənədləşdirilməsi olduqca mürəkkəbdir və fərqli, alternativ yanaşmalar tələb edir. Məsələn, ləngimə səbəblərinin biri kimi sənədsiz evlərin bir qisminin mühafizə zolaqlarında, yüksəkgərginlikli elektrik xətlərinin altında, aktiv mədən zonalarında, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilməsini göstərmək olar. Burada söhbət, həm də təhlükəsizlikdən gedir. Yüksəkgərginlikli elektrik xətlərinin altında tikilən evlərin sənədləşdirilməsi gələcəkdə təhlükəsizliklə bağlı digər problemlərin yaranmasına səbəb ola bilər. Ona görə də bu məsələ ciddi şəkildə araşdırılmalıdır və münasib çıxış yolu tapılmalıdır.

- Bu prosesin müsbət yekunlaşması vətəndaş və dövlətə nə qazandıracaq?

- Sənədsiz evlərin sənədləşdirilməsi məsələsi müsbət həll edildiyi təqdirdə, bundan həm vətəndaşlar, həm dövlət, əmlak, bank və sığorta sektoru, habelə bələdiyyələr də faydalanacaq.

İlk növbədə, vətəndaşların həmin evlər üzərində mülkiyyət hüququ tanınacaq, onlar üzərində sərəncam vermək hüququnu əldə edəcəklər. Yəni alqı-satqı əməliyyatına cəlb edə, girov qoya, vərəsəlik formasında bağışlaya biləcəklər. Bununla yanaşı, sənədləşdirilmiş əmlakla bağlı əməliyyatlarından alınan dövlət rüsumları, vergilər və xidmət haqları dövlət büdcəsinə xeyli vəsait gətirəcək.

Eyni zamanda, sənədsiz evlərin sənədləşdirilməsi bələdiyyələr tərəfindən yerli vergitutmaya cəlb olunacaq ki, bu da yerli büdcələrin əhəmiyyətli dərəcədə artırılmasına xidmət edəcək. Onu da unutmayaq ki, sənədsiz evlər probleminin həlli onların kredit və ipoteka predmetinə çevrilməsinə, bununla da ölkənin bank və sığorta sektorunun daha da canlanmasına gətirib çıxaracaq.

- Belə iddialar var, Bakının nəqliyyat probleminin həlli ilə bağlı qəbul edilən dövlət proqramına əsasən, sənədsiz evlərin böyük əksəriyyəti söküntüyə məruz qala bilər. Belə olan halda kompensasiya və digər bu kimi həssas məqamların həlli üçün hansı addımlar atılmalıdır?

- Nəqliyyat məsələləri hər zaman dövlətimizin diqqət mərkəzində olub. Son illər ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib - yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Cənab Prezidentin Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası Bakı şəhərinin Baş Planına uyğun olaraq, Bakının və ətraf ərazilərin nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və insanların həyat keyfiyyətinin artırılmasına xidmət edəcək. Təbii ki, bu proqramın icrası zamanı vətəndaşların nəinki sənədsiz, eyni zamanda sənədli evləri söküntü planlarına düşə bilər. Bu halda, əlbəttə, vətəndaşların hüquq və mənafeləri hökmən təmin edilməlidir, onlara alternativ yaşayış sahələri və ya mütənasib kompensasiya təklif edilə bilər. Düşünürəm, bu, normal bir prosesdir və ölkəmizin bu sahədə kifayət qədər zəngin təcrübəsi var.

- Necə fikirləşirsiniz, evlərin sənədləşdirilməsi prosesinin müsbət yekunlaşması bahalaşmaqda olan əmlak bazarında sabitlik yarada bilərmi?

- Sənədsiz evlərin sənədləşdirilməsi həm də onların daşınmaz əmlak bazarına cəlb edilməsi deməkdir. Bu halda daşınmaz əmlak bazarında xeyli canlanma olar və təbii ki, qiymətlərə də öz təsirini göstərəcəkdir.

 

Избранный
50
hafta.az

1Источники