RU

Ermənistan müxalifətində “çatlar” yaranır – gedişat Paşinyanın xeyrinə ola bilər - ŞƏRH

Ermənistan müxalifəti 2026-cı ildə keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyanı devirmək üçün əsas qüvvələrin birləşəcəyinə, vahid cəbhə ilə seçkilərdə iştirak edəcəyinə inansa da, bu xəyalı suya düşüb. Müxalif qüvvələr bir müddətdir eks-prezidentlər Serj Sarksyan və Robert Koçaryanın qüvvələrini birləşdirəcəyi ön görsə də, baş verənlər iki cəbhə arasında uzun illərə dayanan gizli düşmənçilik və rəqabətin bitmədiyini, yeni fazaya qədəm qoyduğunu göstərir. Müxalifət arasında yaranan belə iri çatlar isə sadəcə Nikol Paşinyanın xeyrinə sayıla bilər.

Hələ yanvar ayında iki siyasi güc arasında narazılıq barədə mətbuata xəbər sızanda, Koçaryan tərəfi belə bir şeyin olmadığını, hakim partiya tərəfindən bu məsələnin manipulyasiya aləti olması barədə açıqlama verilib. Amma son bir neçə gün ərzində həm KİV-də, həm də sosial şəbəkələrdə ikinci və üçüncü prezidentlərin tərəfdarları arasında əməlli-başlı söz duelinə start verilib. Tərəflər isə bir-birini ittiham edərək, gərginliyin qarşı tərəfdən qaynaqlandığını bildirirlər.

Məsələn, Sarksyanın nəzarətində olan “Şərəfim var” blokunun deputatı Anna Mkrtçyan bəyan edib ki, Respublikaçılar Koçaryanın mətbuat konfransına reaksiya verməyiblər. Narazılığa səbəb Baqrat Mikoyanın müsahibəsidir. Müsahibəsində siyasətçi bildirib ki, 2018-ci ildə respublikaçılar hakimiyyəti Nikol Paşinyana təhvil vermək istəyiblər, amma bunu necə edəcəklərini bilməyiblər. Bu səbəbdən də deputat bildirib ki, bu tezis Nikol tərəfindən irəli sürülüb və Koçaryanın ofisi tərəfindən yayılır. Ermənistanın ikinci prezidentinin oğlu Levon Koçaryan isə atasının son müsahibəsinin gərginliyə səbəb olduğunu bildirib.

Qeyd edək ki, Koçaryan müsahibəsində Serjlə probleminin olmadığını bildirib və birləşməməklərinin səbəbi kimi belə effektiv addımın olmadığını qeyd edib. Koçaryan qeyd edib ki, onun tərəfdarları arasında Serji qəbul etməyənlər var. Eyni zamanda katalikosun onları barışdırmaq barədə cəhdi də jurnalistlərin dezinformasiyasıdır.

 Bu bəyanatın fonunda isə respublikaçı Armen Aşotyanın tənqidi bəyanatı və Koçaryan ofisinin rəhbəri Baqrat Mikoyanın müsahibəsi odun üstünə benzin töküb. Çünki səhnə arxasında Serjin göstərişi ilə Koçaryana qarşı media-kampaniyaya start verilib.

Hadisələrə bir az geniş prizmadan yanaşsaq, Baqratın bu yaxınlarda verdiyi açıqlamanın yeni gərginliyə səbəb olduğunu anlayarıq. Məsələ burasındadır ki, Mikoyan bəyan edib ki, Koçaryana qarşı respublikaçıların təbliğatı hələ 2008-ci ildən başlayıb. Hətta Serjin yaxın qohumu söhbət zamanı etiraf edib ki, uzun illər Nikol Paşinyana sponsorluq edib. Söhbət Nikolun jurnalist, “Aykakan jamanak” qəzetinin baş redaktoru olduğu dövrdən gedir. Bu zaman isə qəzetdə Koçaryan və ailəsi barədə silsilə tənqidi yazılar dərc edilib.

Eyni zamanda Levon Koçaryanın Gümrü seçkilərində namizədlərinin olmaması ilə bağlı açıqlaması siyasi arenada təkmənalı qarşılanmayıb. Müxalifətin və hakimiyyətin ölüm-dirim savaşına girdiyi Gümrü seçkilərində Koçaryan blokunun iştirak etməməsi bir sıra suallara səbəb olub. Çünki bir neçə gün əvvəl “Daşnaksütyun” nümayəndəsi İşxan Saqatelyanın Gümrüdəki seçkilərdə fəal şəkildə iştirak etməklə bağlı açıqlamasından sonra belə bir bəyanat beyinlərdə Nikol və Koçaryanın hansısa məsələdə razılığa gəldiyi fikrini yaradıb. Bu işdə ikinci prezidentə qarşı məhkəmə prosesinin də aktivləşməsi şübhələri daha da artırır.

Serjlə Robertin münasibətlərinin tarixinə baxdıqda, onların hələ uzun illər də gizli düşmən olacaqlarını düşünmək olar. Məsələn, hələ 2009-cu ildə “WikiLeaks”də dərc edilən xəbərə görə, hakim respublikaçılar (söhbət o illərdən gedir) partiyasının nümayəndəsi, parlamentin vitse-spikeri Samvel Nikoyan İrəvanda ABŞ səfirliyinin təmsilçiləri ilə görüşdə Serjlə Koçaryan arasındakı qarşıdurmadan açıq şəkildə danışıb. Nikoyanın sözlərinə görə, Milli Assambleyadakı koalisiya tərəfdaşları – “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” fraksiyaları hökumətin təklif etdiyi qanunvericilik təşəbbüsünü kəskin tənqid etdikdən və açıq şəkildə etiraz etdikdən sonra prezident Sarkisyan sabiq prezident Robert Koçaryanla şəxsən görüşüb. Nikoyanın sözlərinə görə, Serj Sarkisyan Robert Koçaryana deyib: “Sən baş nazir ola bilərsən, amma bu halda özünlə yeni prezident gətirməli olacaqsan”.

Amerikalı diplomat Vaşinqtona göndərdiyi qeydində bildirib ki, Serjlə Koçaryan arasında davam edən pərdəarxası mübarizə artıq açıq gərginliyə doğru qədəm qoyub. Tərəflər arasındakı gərginliyin əsas səbəblərindən biri də Serjin təklif etdiyi parlament-üsul idarəsinə keçidlə bağlı olub. Robert qəti surətdə baş nazirlik institutunun tərəfdarı olmadını dəfələrlə bildirib. Elə 2018-ci ildə hakimiyyət dəyişikliyinə görə də ikinci prezident Sarksyanın bu məsələ ilə bağlı konstitusiya islahatlarını günahlandırıb. Eyni zamanda 2008-ci ilin məlum 1 mart hadisələrinə görə, gizlənən Nikol Paşinyan Serj hakimiyyəti dövründə həbs edilib və elə onun fərmanı ilə də azadlığa buraxılıb. Bu gün isə 1 mart hadisələri baş nazirin əlində təzyiq aləti kimi saxlanılır və hələ də ikinci prezidenti gah o məhkəməyə, gah bu məhkəməyə sürükləyir. Koçaryan isə Serji Nikolu əfv edib azadlığa buraxdığına görə bağışlaya bilmir.

Serj və Robert arasındakı son gizli qarşıdurmalardan biri Qarabağdakı separatçı erməni rejimi ilə bağlı olub. Üçüncü prezidentin 2020-ci ildə hazırladığı planına əsasən, onun seçdiyi şəxs Qarabağ separatçılarının lideri olmalı, Paşinyanı hakimiyyətdən salmaq üçün ona yardım etməli, sonradan isə kürəkəni Mikael Minasyanı Ermənistanda hakimiyyətə gətirməli idi. Minasyan isə bu zaman müxalifət lideri kimi təqdim edilməli olsa da, Koçaryan bu plana razılaşmayıb. Elə 2020-ci ildə iki eks-prezidentin görüşü bu məsələ ilə bağlı olsa da, razılıq əldə edilməyib. Elə münasibətlərin daha da ziddiyyətli formaya keçidi bu dövrdən başlayıb.

Görünən odur ki, erməni müxalifətinin iki eks-prezidentin qüvvələrinin birləşməsi ilə bağlı xəyalı puça çıxır. Çünki həm Robertin, həm də Serjin cəbhəsindən səsləndirilən bəyanatlar onu göstərir ki, nəinki birləşmək, heç kompromisə getməkdən söhbət gedə bilməz. Artıq Serj cəbhəsi Koçaryan ailəsinin 2018-ci il mitinqlərində iştirakı ilə bağlı fikir də səsləndirib. Bu isə o deməkdir ki, üçüncü prezident Roberti Paşinyanla gizli sövdələşmədə ittiham edir. Yaxın vaxtlarda Ermənistan siyasətində yeni ittihamlar dalğası məhz bu tip açıqlamalardan sonra başlaya bilər...

Kamil Məmmədov

Избранный
32
1
report.az

2Источники