RU

Azərbaycan-Türkiyə əlaqələri yeni mərhələyə qədəm qoydu - ŞƏRH

Təməli 25 sentyabr 2023-cü ildə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan İğdır–Naxçıvan qaz kəmərinin açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, region üçün strateji əhəmiyyət daşıyan İğdır–Naxçıvan qaz kəməri, ilk növbədə, Naxçıvanın enerji təminatını yaxşılaşdıraraq qaz təchizatının dayanıqlılığını artırır. Əvvəllər İran vasitəsilə həyata keçirilən qaz tədarükü Naxçıvanın enerji təhlükəsizliyini müəyyən risklərlə üz-üzə qoyurdu. Yeni kəmər bu riskləri minimuma endirərək Azərbaycanın öz resursları vasitəsilə muxtar respublikanı birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq.
Mərasimdə hər iki lider tərəfindən verilən mühüm bəyanatlar və birlik mesajları qlobal güclərin yaratdığı hazırkı geosiyasi xaos vəziyyətində Azərbaycan-Türkiyə əlaqələrinin keyfiyyətcə yeni, daha sıx birlik və tərəfdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərir. Türkiyə-Azərbaycan birliyinin daha da dərinləşməsi dəyişən dünya düzəni şərtlərində son dərəcə vacib məsələdir.

Ölkələrimiz arasında birlik və həmrəyliyin daha da güclənməsi bizi baş verə biləcək istənilən geosiyasi təlatümlərin mənfi təsirlərindən, fəsadlarından sığortalaya bilər. Bu baxımdan, İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan və Türkiyənin birliyini gücləndirən, iki qardaş ölkə arasında strateji tərəfdaşlığı və sarsılmaz dostluğu daha da irəliyə aparan mühüm hadisədir. Ona görə də dövlətimizin başçısının İğdır-Naxçıvan qaz xəttinin açılış gününün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün olduğunu vurğulaması heç də təsadüfi deyil. İğdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan-Türkiyə birliyinin, dostluğunun, qardaşlığının göstəricisi və əyani sübutu olmaqla yanaşı, ölkələrimiz arasında iqtisadi əməkdaşlığı, mənəvi həmrəyliyi daha da gücləndirir və eyni zamanda, Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda, həqiqətən də, sabitləşdirici amil olduğunu təsdiqləyir.  


 
Millət vəkili Ceyhun Məmmədov da "Sherg.az"-a açıqlamasında növbəti bir tarixi səfərin və tarixi hadisənin şahidi olduğumuzu vurğulayıb: 

“Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdilər, hər iki  ölkə rəhbəri  əlaqələrimizlə bağlı çox mühüm bəyanatlar, açıqlamalar verdilər. Prezident İlham Əliyev də öz çıxışında olduqca vacib məqamlara toxundu və tarixə ekskursiya edərək tarixi Azərbaycan torpaqlarının Ermənistana necə verilməsi, Naxçıvanın blokadaya alınması, Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra Naxçıvanın müdafiəsi, Naxçıvanın qazla təmin olunması və digər istiqamətlərdə çox mühüm açıqlamalar verdi”.

Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu xatırladan deputat bildirib ki, ölkələrimiz arasında Şuşa Bəyannaməsi var, ölkələrimiz demək olar ki, bütün sahələrdə, istiqamətlərdə bu prosesdə iştirak edir, bu prosesə öz töhfələrini verirlər, bu da münasibətlərimizin birmənalı olaraq inkişafına öz müsbət təsirini göstərəcək:

“Prezident İlham Əliyev, eyni zamanda, iki qardaş ölkə arasındakı əlaqələrlə bağlı mühüm digər açıqlamalar da verdi. Cənab Prezident Azərbaycan-Türkiyə qardaşlığının güclənməsi, ikitərəfli əlaqələrin möhkəmlənməsi məsələsindən bəhs etdi. Həmçinin İlham Əliyev xüsusi vurğuladı ki, İğdır-Naxçıvan qaz kəmərinin açılışı bir daha Azərbaycan-Türkiyə birliyinin, dostluğunun, qardaşlığının göstəricisi və əyani sübutudur. Bu gün bu qardaşlıq, birlik ölkələrimiz arasında əməkdaşlığı, həmrəyliyi daha da gücləndirir və regionda sabitləşdirici faktor olaraq öz rolunu oynayır. Bu gün iki qardaş ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir, bütün platformalarda Azərbaycan Türkiyənin, eləcə də Türkiyə Azərbaycanın yanındadır, bir-birilərinə dəstəklərini heç zaman əsirgəmirlər. Hər zaman bir-birinə qardaş yardımını, dəstəyini davamlı olaraq göstərirlər. Bu səfərdən sonra bizim əlaqələrimiz daha da möhkəmlənəcək, daha da inkişaf edəcək. Çünki burada hər iki ölkə liderinin qətiyyətli və  prinsipial yanaşması var. Təbii ki, bu da bu prosesə ciddi və müsbət töhfəsini birmənalı olaraq verir”.


Избранный
40
sherg.az

1Источники