RU

Əgər Tramp bir yolunu tapıb, ABŞ-ni BMT-dən çıxararsa... - Ekspert

Respublikaçı konqresmenlər ABŞ-nin BMT-dən çıxması ilə bağlı qanun layihəsi təqdim ediblər. Bu layihə ölkənin BMT-yə üzvlüyünün ləğvini, təşkilatın maliyyələşdirilməsinin tam dayandırılmasını və BMT-nin sülhməramlı missiyalarında iştirakın qadağan olunmasını nəzərdə tutur. Prinsip etibarilə ABŞ-də müxtəlif vaxtlarda bənzər qanun layihələri irəli sürülüb. Donald Trampın hakimiyyətə gəlişi ilə bu məsələ yenidən aktuallaşıb. ABŞ-nin BMT-ni tərk etmək istəməsinin bir neçə səbəbi var. Səbəblərdən birincisi, maliyyədir. ABŞ BMT-yə ən çox pul xərcləyən ölkədir. Trampın hazırda ABŞ-nin xarici xərclərini azaltmağa çalışdığını nəzərə alsaq, bu versiya ağlabatandır. Digər səbəb isə təşkilatın beynəlxalq siyasətdəki mövqeyi ABŞ dəyərləri ilə ziddiyyət təşkil edir. Respublikaçı senatorlar hesab edirlər ki, BMT ABŞ-nin milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla siyasi itkilərlə üzləşir. 

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, ABŞ-nin BMT-dən tam çıxması təşəbbüsləri həmişə nəticəsiz qalıb. Ekspertin qənaətincə, demokratlar bu addımı beynəlxalq diplomatiyaya ağır zərbə kimi qiymətləndirir və ABŞ-nin qlobal liderliyini zəiflədə biləcəyini deyirlər: 

"Demokratların mövqeyi çox vacibdir. Çünki ABŞ-nin BMT-dən çıxması üçün qanun layihəsi həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməli, daha sonra prezident tərəfindən imzalanmalıdır. Hazırda layihənin Konqresdə nə dərəcədə dəstək qazana biləcəyi sual altındadır. Bununla belə, Tramp bir yolunu tapıb, ABŞ-ni BMT-dən çıxararsa, bu, təşkilatın dağılması deməkdir. Müqayisə üçün deyim ki, ABŞ-nin BMT-nin sələfi olan Millətlər Cəmiyyətindən ayrılması bu təşkilatın beynəlxalq gücünü itirməsinə, daha sonra dağılmasına səbəb oldu. Analoji addım BMT-nin də dağılmasına zəmin yarada bilər. Ümumiyyətlə, BMT-nin fəaliyyəti təkcə ABŞ tərəfindən deyil, bir çox böyük və kiçik ölkələr tərəfindən tez-tez tənqid edilir. Faktiki olaraq təşkilat ya qərar verə bilmir, ya da qərarları icra edilə bilmir. Buna görə hazırda iki əsas yanaşma var ki, BMT-də reformlar olmalıdır və qurum ləğv olunub yeni sistem tərtib edilməlidir. Hələlik ABŞ ikincini daha çox dəstəkləyir. Lakin niyyəti beynəlxalq hüququ və sistemi dəyişməkdirsə, ilk növbədə dünya miqyasında nəzarətli xaosa ehtiyac var". 

Analitikə görə, dünyada xaos iki ssenari ilə yarana bilər: 

"İran-İsrail müharibəsi fonunda İrana müdaxilə və ya Tayvan münaqişəsi, yaxud ona paralel Kəşmir, Koreya münaqişələrinin alovlanması yeni dünya xaosu deməkdir. Bu sseanirlər üzrə yaradılacaq nəzarətli xaosdan sonra ABŞ yeni dünya nizamını tərtib edə bilər. Yeni dünya nizamında isə heç kəsin veto hüququ olmayacaq. Xatırladım ki, ABŞ İkinci Dünya müharibəsinin müttəfiqləri və sonradan rəqibləri olacaq SSRİ və Çin ilə qələbə qazandığı üçün yeni nizamda onlara da yer verməli oldu. Söhbət BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və onların veto hüququndan gedir. İndi Vaşinqton Moskvaya Ukrayna ərazilərinin bir qismini, Çinə isə Tayvanı güzəştə gedərək onların veto hüququndan imtinasına nail ola bilər. Yeni nizamda sadəcə nüfuzu, pulu və təsir gücü olan dünya ölkələrinin səsini qazanıb istədiyini edər. Xarici KİV-lərdə belə bir iddia var ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ rəhbərini Moskvaya qələbə paradına dəvət edib. Çin lideri Si Szinpinin də bura səfəri gözlənilir. Bu iki səfər baş tutarsa, Tramp planını Putin və Szinpinə aça bilər".

Избранный
145
3
sherg.az

10Источники