RU

Aslanın erkəyi, dişisi olmaz

Tarixdə xalqının azadlığı, torpaqlarının qorunması, istiqlalı, insan haqları naminə vuruşan, mübarizə aparan qadınlar az olmayıb. Belə qadınların adı əbədi olaraq tarixin səhifələrinə həkk olunub. Onlar qəhrəman qadınlar kimi cəmiyyətdə şan-şöhrət qazanıb, seviliblər.

Azərbaycan da qəhrəman qadınlar vətənidir. Bu torpaqda zaman-zaman kişilərlə çiyin-çiyinə vuruşan, ana torpağı qoruyan igid qadınlar olub. Əfsanəvi Tomris, Nüşabə, Nigar, Həcər, Cəlaliyyə, Mərziyə, II Dünya  müharibəsində şücaət göstərən bütün qadınlarımız xalqımızın qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazıb,  qürur mənbəyimiz olublar.

Mənfur qonşularımızın torpaq iddiaları nəticəsində baş verən Qarabağ savaşı da yeni qadın qəhrəmanlarımızı bizlərə tanıdıb. Onlarla azərbaycanlı qız və qadın silah götürərək, Vətən uğrunda mübarizəyə qoşulub. Onlardan biri də xankəndili Zöhrə Lətif qızı Quliyevadır.                

Zöhrə Quliyeva 1968–ci ildə Xankəndi yaxınlığında, keçmiş adı Qayabaşı olan Dəhrəz kəndində anadan olub. Zöhrə Quliyevanın ailəsi sonradan Xankəndi şəhərinə köçüb. Zöhrə 1975-ci ildə N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbə daxil olub və bu məktəbdə səkkizillik təhsil alıb. Elə məktəb illərindən Zöhrə zirəkliyi ilə fərqlənib, intizamı, əməksevərliyi ilə diqqəti cəlb edib.

Zöhrə Quliyeva səkkizillik təhsil aldıqdan sonra Xankəndi Kondensator Zavodunda əmək fəaliyyətinə başlayıb və fəhlə-gənclər məktəbində təhsilini davam etdirib. Tükənməz gənclik eşqi ilə, böyük arzularla yaşayan Zöhrə işlədiyi əmək kollektivində də qısa müddətdə hörmət qazanıb. Prinsipiallığı, ədalətsizliyə qarşı barışmazlığı ilə seçilib.

1988-ci ildən başlayaraq ermənilərin cinayətkar əməlləri sayəsində Xankəndi şəhərindən azərbaycanlıların  qovulmasından sonra Zöhrə də ailə üzvləri ilə Xocalıya pənah gətirib, burdakı toxuculuq fabrikində bacısı Nəzakətlə əmək fəaliyyətini davam etdirib. Sənədlərini Gəncə şəhərindəki Texnologiya Texnikumuna verib, orda qiyabi təhsil almağa başlayıb.

Bütün varlığı ilə vətəninə, el-obasına bağlı olan Zöhrə özünü xalqı üçün gərəkli övlad kimi yetişdirməyə çalışıb. Hələ gənc ikən o, qorxmaz, cəsur bir qız kimi tanınıb. 1-ci Qarabağ müharibəsi dövründə ermənilərin Ağdam-Şuşa-Laçın yolunun Əsgəran hissəsində Ağdamdan Xocalıya gələn avtobusun daş, güllə yağışına tutulduğu günlərin birində sürücü İlqar ağır yaralanarkən, idarəetmə itdiyindən sərnişinlərin həyatı real təhlükə qarşısında qalıb. Zöhrə ani olaraq çıxış yolu tapıb. Cəld hərəkətlərlə yaralı sürücünü oturacağından qaldıraraq, öz yerində oturdub, sükan arxasına isə özü keçib, sürücünü əvəz edərək avtobusu sürətlə sürüb, sərnişinləri təhkükəli yerdən uzaqlaşdırıb. Beləcə, 30 nəfərdən artıq sərnişini sağ-salamat Xocalıya çatdırıb. Təsadüfi deyil ki, aslan cürətli Zöhrənin bu cəsur hərəkəti el arasında qəhrəmanlıq dastanına çevrilib. Zöhrənin cəngavərliyinə ermənilərin özləri belə heyran qalıblar. Atalar yaxşı deyib ki, aslanın erkəyi, dişisi olmaz.        

Yeri gəlmişkən qeyd edək ki, igidlik Zöhrənin qanında olub. Zöhrənin babası Abdulhüseyn kişi də 1918-ci ildə ermənilərin təcavüzünə qarşı mübarizədə qəhrəmanlıqlar göstərib. Daşnak cəlladlarına qan udduran Abdulhüseyn Quliyev ermənilərin məkrli siyasəti nəticəsində repressiyaya məruz qalıb, 1938-ci ildə Sibirə sürgün olunub.                                              

1-ci Qarabağ müharibəsində Zöhrə Xocalının müdafiəsi zamanı gedən döyüşlərdə özünümüdafiə batalyonunun həm döyüşçüsü, həm də tibb bacısı kimi doğma elinə xidmət göstərib. Zöhrə 15 noyabr 1991-ci ildən müharibənin od-alovundan çəkinməyərək qardaşı İmranın xidmət etdiyi Xocalı Özünümüdafiə Batalyonunda həm tibb bacısı, həm də döyüşçü kimi fəaliyyətə başlayıb. Xidmətin ilk günündə Zöhrə baş həkim Məmməd Nağıyevlə yaralılara tibbi yardım göstərib.

Azərbaycan xalqının qəhrəman qızı Xocalının işğalı zamanı soydaşlarımızın təhlükəsiz yerə çıxmasına rəşadətlə yardımçı olub, Naxçıvanik kəndinə qədər ermənilərlə döyüşərək, həm də yaralılara tibbi yardım göstərib. Ağdam istiqamətinə üz tutan insanlar Əsgəran ərazisində erməni yaraqlılarının atəşinə tuş gələrkən kürəyində qonşuları Şaiq Qurbanovun oğlu körpə Zauru daşıyan Zöhrə bütün çətinliklərə mərdanə sinə gərərək, qarlı meşələrdə yaralanan, donan çoxsaylı insana kömək əli uzadıb, onları ölümün pəncəsindən xilas edib. Hətta yolboyu atışma zamanı şəhid olmuş döyüşçünün avtomatını götürərək, düşməni cavab atəşləri ilə susdurub.

Həyatını təhlükəyə ataraq bacardığı qədər insanlardan öz köməyini əsirgəməyən Zöhrədən də namərd gülləsi yan keçməyib. Zöhrəyə ilk güllə dəyəndə kürəyində saxladığı Zauru anasına verib və israrla qaçıb getmələrini tapşırıb. Beləcə, yağı düşmənin atdığı növbəti güllələr 24 yaşlı Zöhrənin həyatına son qoyub.

Xalqımızın qəhrəman qızı Zöhrə Quliyeva Ağdamda Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Zöhrə Lətif qızı Quliyeva ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.



Hikmət Xudiyev (Cəmilzadə),
Əməkdar jurnalist

Избранный
14
modern.az

1Источники