RU

Azərbaycanlı gənc Berlində uşaq bağçası açıb: “Pis iş yoxdur, pis yanaşma və pis çalışma var”

Naxçıvan, 7 mart, Nail Əsgərov, AZƏRTAC

1997-ci ildə Şərur rayonunun Tumaslı kəndində anadan olan Aytac Cəfərli 2016-2020-ci illərdə Naxçıvan Dövlət Universitetinin Alman dili müəllimliyi ixtisası üzrə bakalavr, daha sonra Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr pilləsində təhsil alıb. Bir müddət Naxçıvanda “Şərq qapısı” qəzetində müxbir kimi çalışıb. 2023-cü ildə iş qurmaq məqsədilə Almaniyaya, Berlin şəhərinə köçüb.

Aytac Cəfərli AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində qeyd edib ki, 2023-cü ilin yay aylarında Almaniyada artıq magistr diplomu üzrə pedaqoji sahədə çalışmağa başlayıb. Əvvəlcədən hazırladığı layihəni isə 2025-ci ilin fevralın 24-də həyata keçirə bilib.

“Berlində açmış olduğum uşaq bağçası 3 mərtəbəli binada yerləşir, məktəbəqədər təhsil müəssisəsi 150 uşaq üçün tədris-təlim şəraiti təklif edir. Hazırda burada 68 uşağın təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur. Uşaqlar gündəlik iki dəfə yeməklə təmin edilir. Mərkəz Berlin təhsil proqramına, Montessori və Reggio pedaqogikasının prinsiplərinə əsaslanan təhsil konsepsiyası üzrə fəaliyyət göstərir. Biz hər bir uşağın fərdi dəstəyinə böyük əhəmiyyət verir, onların öyrənmə ritminə hörmətlə yanaşır, uşaqlarda özünəinamın və müstəqilliyin inkişafına dəstək oluruq. Mədəniyyətlərarası pedaqogika yanaşmamızın mərkəzi hissəsidir”, - deyə Aytac Cəfərli vurğulayır.

Qazandığı uğurun sirrini düzgün və sistemli şəkildə çalışmaqda görən azərbaycanlı gənc deyir ki, “bizi uğurlu-uğursuz olmağımız işə yanaşmağımızdan asılıdır. Mənə görə, pis iş yoxdur, pis yanaşma və pis çalışma var. Çalışanlar, mübarizə aparanlar hər zaman qalib olurlar”.

 

Избранный
11
azertag.az

1Источники