RU

Tramp geri çəkilir - Bu ölkələrə rüsum tətbiqi təxirə salındı

Donald Tramp administrasiyası Meksika və Kanadadan idxal edilən mallara 25 faiz rüsum tətbiq etməklə bağlı qərarının icrasını təxirə salıb. 
Tramp cümə axşamı günü 2020-ci ildə qüvvəyə minən azad ticarət sazişinin qaydalarına cavab verən bütün məhsullar üçün bir aylıq güzəşt verilməsi haqqında sərəncam imzalayıb. 

 

Sfera.az xəbər verir ki, sərəncama əsasən, yeni rüsumların tətbiqi aprelin 2-dək təxirə salınır. 

 

Ağ Ev rəsmiləri bildirib ki, Meksika və Kanada qaçaqmalçılığa qarşı daha sərt tədbirlər görəcəyi təqdirdə tariflərin bu tarixdən sonra da təxirə salınması mümkündür. 
Tramp administrasiyasının bu addımı cümə axşamı günü Kanada və Meksika valyutalarının bahalaşmasına səbəb oldu. Kanada dolları ABŞ dolları qarşısında 0,3 faiz, Meksika pesosu isə 0,7 faiz dəyər qazanıb. 

 

Bu addım Kanada gübrəsindən çox asılı olan amerikalı fermerlərə bir qədər rahatlıq gətirib. Birləşmiş Ştatlar istifadə etdiyi kaliumun təxminən 80 faizini Kanadadan idxal edir. 

 

Amerikalı ekspertlər isə hesab edir ki, Trampın yeni rüsumların tətbiqini təxirə salması təsadüfi deyil. Onların şərhinə görə, yeni rüsumların xarici ticarət kəsirini artırması ehtimalı nəzərə alınaraq təxirə salınıb. 

 

Vaşinqtonun ticarət tərəfdaşlarını sarsıdan tarif qərarları ABŞ-ın ticarət kəsirindəki tarixi artımla üst-üstə düşür. Cümə axşamı Ticarət Departamentinin açıqladığı məlumatlara görə, ABŞ-ın ticarət kəsiri yanvar ayında 131,4 milyard dollara çatıb. Bu rəqəm dekabrda qeydə alınan 98,1 milyard dollarlıq kəsirdən xeyli yüksəkdir. İqtisadçılar bildirirlər ki, artım qismən şirkətlərin tariflər qüvvəyə minməmiş mal ehtiyatı saxlaması ilə bağlıdır. Tramp administrasiyasının son addımı ticarət siyasətlərində qeyri-müəyyənliyi bir daha artırdı və həm Amerika sənayesinə, həm də qlobal bazarlarda sabitliyə təsir edə biləcək yeni dəyişikliklərə yol açdı.

 

Vasif

Избранный
14
sfera.az

1Источники