RU

Azərbaycan qadınının cəmiyyətdəki yeri: Nailə İsmayılovadan AÇIQLAMA

"Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Azərbaycan qadınının roluna dair QHT.az-a mühüm açıqlamalar verib.

QHT sədri qadın dedikdə ilk növbədə ana obrazını nəzərdə tutduqlarını və bu obrazın sevgi, hörmət, səmimiyyət, qayğı və humanizm kimi gözəllikləri birləşdirdiyini vurğulayıb. O, "Azərbaycan qadını, ilk növbədə ana kimi öz müqəddəsliyini qoruyub saxlayan sosial varlıqdır" deyərək, qadınların cəmiyyətdəki əhəmiyyətinin ailədən başladığını bildirib:

“Təbii ki, bu da bizim milli-mənəvi dəyərlərimizə olan münasibətimizdən irəli gəlir. Xalq olaraq, istər ailəmizdə, istərsə də cəmiyyətdə ana adına böyük ehtiram olub. Bu, həm də qadına olan müsbət münasibətdir. Azərbaycan cəmiyyətində qadının rolu yuxarıda sadaladıqlarımı nəzərə alsaq, ailədən başlayır. Belə ki, kiçik dövlət sayılan ailədə qadın həyat yoldaşına gözəl ömür-gün yoldaşı, övladlarına gözəl ana olmağa çalışır. Bu mənada, həyat yoldaşına dəstək olaraq, övladlarına isə gözəl tərbiyə verməklə ailədəki vəzifəsini ən yüksək şəkildə həyata keçirməyə çalışır. Bu da istər-istəməz yaxşı mənada cəmiyyətə sirayət etmiş olur. Cəmiyyətə ailədə gözəl tərbiyə almış, yüksək təhsilə sahib olan insanlar təqdim olunmağı təqdirəlayiqdir. Bu da sağlam cəmiyyətin inkişafına böyük töhfə vermək deməkdir”.

Azərbaycan qadınlarının tarixdəki mühüm yerini qeyd edən Nailə İsmayılova, Tomrisdən, Nüşabədən, Məhsəti Gəncəvidən, Natəvandan, Saradan və müasir qadınlarımızdan misallar gətirərək, onların Azərbaycanın tarixində iz qoyduqlarını vurğulayıb:

"Oxuduqlarımızdan və şahidi olduqlarımızdan da görürük ki, Azərbaycan qadını tarix yazan qadındır. Tomrisdən, Nüşabədən, Məhsəti Gəncəvidən, Natəvandan, Saradan və müasirlərimizə qədər yaşayıb yaradan, mübarizə aparan qadınlarımız olub və onlar Azərbaycan tarixinə öz məğrurluğu, cəsarəti, bilik və bacarığı ilə iz qoyublar. Hətta deyərdim ki, bu iz artıq bir yol xəritəsinə də çevrilib. Yuxarıda qeyd etdiyim Azərbaycan qadınlarının adlarının siyahısını çox artırmaq olar. 44 günlük Vətən müharibəsində fədakarlıq göstərən analarımızı bu xəritənin ən gözəl səyyahları və yolun bələdçiləri hesab etmək olar. Bu günümüzün müasiri, Azərbaycan qadınına örnək olan ölkənin birinci xanımı Mehriban Əliyeva, öz zəkası, xeyirxah əməlləri, qayğıkeş ana, gözəl ailə başçısı olmağı ilə hər birimizin qəlbinə yol taparaq, cəmiyyət üçün ən yaxşı nümunədir. İstər idarəetmədə, istərsə də vətəndaş cəmiyyətindəki lider xanımlarımız, öz işləri ilə, daşıdıqları vəzifə öhdəlikləri ilə cəmiyyətin yüksək inkişafına, dövlətə sadiq qalaraq öz töhfələrini verməkdə davam edirlər".

Sonda, Nailə İsmayılova, "Qadın böyük qüvvədir! Azərbaycan qadınına yaraşan və onu təcəssüm etdirən sosial varlıq olmağımızı unutmayaq!" deyərək, bütün qadınları təbrik edib və onlara xoşbəxtlik arzulayıb. Qadınların cəmiyyətdəki rolunun daha da artması və qadınlara olan etimadın güclənməsi ilə, Nailə İsmayılova Azərbaycanın qadınlarının şərəfli yolunu daha da möhkəmləndirəcəyinə inandığını bildirib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
28
qht.az

1Источники