RU

Kənd Təsərrüfatı Nazirliyində “Üfüq” Karyera İnkişaf Proqramına start verilir

Bakı, 7 mart, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd Kənd Təsərrüfatı Nazirliyində intellektual səviyyəsi yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da kadr ehtiyatı bankının yaradılması istiqamətində əməkdaşlığı nəzərdə tutur. Memoranduma əsasən, tərəflər Kənd Təsərrüfatı Nazirliyi daxilində “Üfüq” Karyera İnkişaf Proqramını həyata keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ilk dəfə təşkil edilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqəyə nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlarda inzibati vəzifə tutan, ali təhsilli bütün əməkdaşlar qoşulacaqlar. Müsabiqə qeydiyyat, onlayn seçim, əyani seçim (qabiliyyət üzrə) və finaldan ibarət olmaqla 4 mərhələdə keçiriləcək.

Müsabiqə tam obyektivlik, qərəzsizlik və şəffaflıq prinsipləri əsasında təşkil olunacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən və artıq 4 dəfə uğurla reallaşdırılmış “Yüksəliş” müsabiqəsinin ekspertləri və təşkilati komandası tərəfdaş qismində iştirak etməklə müsabiqə proqramı və materiallarını hazırlayacaq, müsabiqə çərçivəsində iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsini həyata keçirəcək. Müsabiqədə qalib gələn iştirakçılar inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.

Həmçinin müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək və daha yüksək vəzifə təyinatında müsabiqənin nəticələri nəzərə alınacaq.

 

Избранный
27
7
azertag.az

8Источники