ABŞ Dövlət Departamenti girovlar və haqsız yerə həbs olunan insanlar üçün bayraqqaldırma mərasimi keçirib və bununla da ABŞ hökumətinin xaricdə saxlanılan Amerika vətəndaşları və daimi sakinlərinin qaytarılmasını təmin etməyə sadiqliyini bir daha vurğulayıb.
“Bizim siyasətimiz 100 faiz insanları evlərinə qaytarmağa yönəlib,” Prezident Donald Trampın girovlar üzrə xüsusi elçisi Adam Bohler deyib. O əlavə edib ki, “növbəti günlərdə bəzi açıqlamalar görəcəksiniz.” Lakin o, təfərrüatları paylaşmayıb.
“Prezident Tramp xaricdə girov və ya haqsız yerə saxlanılan bütün amerikalıları evlərinə qaytarmağa sadiqdir. Buna HƏMAS-ın hələ də Qəzzada saxladığı amerikalılar və bütün başqa girovlar daxildir,” Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinə bildirib.
“Onları evlərinə qaytarmaq səyləri davam edir və həssasdır – hazırda elan edəcəyimiz hər hansı görüş yoxdur,” sözçü deyib.
Martın 9-da keçmiş FTB agenti Robert Levinsonun İranda qaçırılmasından 18 il ötür.
Bu münasibətlə Konqres hər iki partiyanın dəstəyi ilə 2024-cü Maliyyə İli üçün Milli Müdafiə Səlahiyyət Aktında Girov və Haqsız Yerə Saxlanılan Məhbus Bayrağını yaradıb.
Cümə axşamı FTB direktoru Kaş Patel deyib ki, Vaşinqton girovların və haqsız yerə həbs olunanların sayını “sıfıra endirmək”də, habelə evlərinə qaytarıla bilməyənlərin cəsədlərini diplomatiya və kəşfiyyat səyləri vasitəsilə repatriasiya etməkdə qərarlıdır.
Mərasim Trampın ABŞ-ın terror təşkilatı kimi tanıdığı HƏMAS tərəfindən qaçırılan səkkiz keçmiş girovla Ağ Evdə görüş keçirməsindən bir gün sonraya təsadüf edib.
Həmçinin çərşənbə axşamı Ağ Ev ABŞ rəsmilərinin HƏMAS-la müzakirələr apardıqlarını təsdiqləyib. Qətərin Doha şəhərində keçirilən danışıqlar, Dövlət Departamenti HƏMAS-ı 1997-ci ildə xarici terror təşkilatı kimi tanıyandan bəri ilk dəfədir ki, Birləşmiş Ştatlarla qrup arasında birbaşa danışıqlar aparılır.
HƏMAS-la birbaşa danışıqlara Bohler rəhbərlik edib. Həmin danışıqlarda diqqətin ABŞ girovlarının sərbəst buraxılmasına və müharibəyə HƏMAS-ın Qəzzada hakimiyyətdə olmadığı bir həll yolunun tapılmasına yönəlib.
HƏMAS-ın hələ də girov saxladığı insanlardan beşi ABŞ vətəndaşıdır. Onlardan biri Qəzzada hələ də sağ olaraq saxlanılan yeganə amerikalı-israilli girov olduğu güman edilən 21 yaşlı Edan Aleksandrdır.
Onun anası Yael Aleksandr bu yaxınlarda Tel Əvivdə Girovlar Meydanında çıxış edib. “Sadə həqiqət budur: Girovlarla bağlı vəziyyət hər gün daha da təcili olur,” o deyib.
“Onlar indi ikinci mərhələ üzərində işləyir. Biz bunu mərhələ kimi görmürük – biz bunu oğlumuzu evə qaytarmağın yolu kimi görürük. Fərqi yoxdur buna nə ad veririsiniz; vacib olan odur ki, geri qalan girovları evlərinə mümkün qədər tez gətirmək üçün razılıq olsun,” o deyib.
Bu həftə İsrail rəsmiləri deyib ki, HƏMAS daha çox girovu sərbəst buraxmağa razılaşarsa, İsrail Qəzzada atəşkəs razılığının ikinci mərhələsinə keçməyə hazırdır.
visiontv.az