Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Böyük Britaniyanın BP və İsrailin "NewMed Energy" şirkətləri ilə konsorsiumda İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında (EİZ) təbii qazın kəşfiyyatı planı ilə bağlı yaxın 2 həftədə İsrailin Energetika və İnfrastruktur Nazirliyi (MEI) ilə razılaşdırmağı planlaşdırır.
Yenisabah.az “Globes”ə istinadla xəbər verir ki, tərəflər I-6 zonasında qaz kəşfiyyatı üzrə iş planını imzalayacaqlar.
Bu layihə SOCAR üçün Azərbaycandan kənarda kəşfiyyat qazmalarında ilk layihə olacaq. Layihənin daha əvvəl həyata keçirilməsi planlaşdırılırdı, lakin İsraillə HƏMAS qruplaşması arasında münaqişənin kəskinləşməsi səbəbindən təxirə salınıb.
2026-cı ilin oktyabr ayına qədər konsorsium ən azı lisenziyalı ərazilərdən birində qazma işlərini özündə əks etdirən planı, həmçinin MEI-də təsdiq edilməli olan əlavə iş proqramını təqdim etməlidir.
2023-cü ilin oktyabrında keçirilən tender nəticəsində SOCAR, "NewMed" və BP-dən ibarət konsorsium I-6 zonasında bu işləri yerinə yetirmək üçün İsrailin MEI-dən lisenziya alıb.
Tender qaydalarına əsasən, kəşfiyyat işləri üçün lisenziyalar ilkin üç il müddətinə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış ərazidə təbii qazın kəşfi potensialını qiymətləndirmək üçün məcburi iş proqramını tamamlamalıdırlar.
Bu müddətdən sonra lisenziya sahibləri MEİ-nin təsdiqlənən yenilənmiş iş proqramı və lisenziyalardan ən azı biri üzrə qazma işləri aparmaq öhdəliyinə uyğun olaraq, daha 2 illik uzadılması tələb edə bilərlər.
Ən azı bir qazma başa çatdıqdan və iş proqramının bütün elementləri tamamlandıqdan sonra qrupdakı lisenziyalar daha 2 il, maksimum 7 ilə qədər uzadıla bilər. Bu cür uzadılma lisenziya müddətinin sonuna qədər qazma işlərinin hələ aparılmadığı hər bir lisenziya sahəsində qazma işi ilə bağlı öhdəliyin təqdim edilməsi şərtilə mümkün olacaqdır.
Bu layihəyə əlavə olaraq, SOCAR 2025-ci il yanvarın 31-də Aralıq dənizinin ən böyük dəniz qaz yataqlarından biri olan Tamar layihəsində 10% pay almaq üçün "Union Energy" ilə müqavilə bağladığını elan edib.
Şirkət bildirib ki, İsrail sahillərində yerləşən "Tamar" yatağı regionun əsas təbii qaz tədarükçüsüdür, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır.
Şirkət enerji portfelini genişləndirmək üçün bütün dünyada strateji aktivlər axtarmağa davam edəcək. "Tamar" layihəsinin operatoru Amerikanın "Chevron" şirkətidir.
Telegram kanalımız