Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, martın 7-də Baş Prokurorluqda qadın prokurorluq işçilərinin, dövlət qulluqçularının, veteranların, Milli Məclisinin qadın deputatlarının və media nümayəndələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev qadınları təbrik edərək fəaliyyətlərində uğur, nailiyyətlər arzu edib.
Baş prokuror bildirib ki, Azərbaycan qadını hər zaman cəmiyyətdə özünə məxsus, layiqli yer tutub. Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsinə Ümummilli lider Heydər Əliyev tərəfindən daim həssaslıq və qayğı ilə yanaşılmışdır. Azərbaycan qadınına münasibətdə qeyd olunan diqqət və qayğının nümayişi hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir.
Kamran Əliyev Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti və gördüyü işlərdən də bəhs edib.
Daha sonra qadınların cinayətkarlığa qarşı mübarizə, o cümlədən ədalət mühakiməsinin həyata keçirilməsindəki rolundan danışan Baş prokuror Kamran Əliyev Azərbaycan qadınının peşə spesifikliyinə və xidməti fəaliyyət zamanı üzləşdikləri bütün çətinliklərə baxmayaraq, bu sahədə də uğurlu nəticələr əldə etdiklərini, peşəkarlıq nümayiş etdirməklə öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini qeyd edib.
Hazırda prokurorluq işçisi olan qadınlardan 127 nəfərin müsabiqə yolu ilə işə qəbul edilməsi vurğulanmaqla onlardan 12 nəfərin rəhbər vəzifədə, o cümlədən 1-nin Baş Prokurorluqda idarə rəisi, 5-nin idarə rəisinin müavini, 1-nin şöbə rəisi, 4-nün rayon prokuroru və 1-nin isə rayon prokurorunun müavini vəzifəsində çalışdıqları bildirilib.
Tədbirdə çıxış edənlər diqqətə görə minnətdarlıqlarını ifadə edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görüldüyü, Azərbaycan Qadının cəmiyyətin bütün sferalarında hüquq və azadlıqlarının müdafiə edildiyi, inkişafı üçün şərait yaradıldığı, həyata keçirilən bu siyasətin, o cümlədən prokurorluq orqanlarında da uğurla davam etdirildiyi vurğulayıblar.
Baş prokuror tərəfindən bir qisim tədbir iştirakçısına mükafatlar təqdim olunduqdan sonra, "Prokurorluqda qadın gücü" adlı sənədli-bədii qısametrajlı film nümayiş etdirilib.