RU

Qadın yazıçıların kitablarının nəşr olunmaması ilə bağlı AYB-dən AÇIQLAMA

Qadın yazıçılar Azərbaycan Yazıçılar Birliyindən (AYB) şikayətçidir. Onları narahat edən məsələ müxtəlif layihələrdə AYB-nin onlara yer verməməsi və kitablarını nəşrə təqdim etməməsidir. Bununla bağlı sosial şəbəkələrdə paylaşım edən qadın yazarlar bildirir ki, AYB onları nə təbliğ edir, nə də bəy yazarlardan fərqli olaraq irəli çəkir.

Yazıçı, dosent, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova da diqqətdən kənar qalan qadın yazıçılardan olduğunu iddia edir. Bizim.Media-ya açıqlamasında o, qeyd edib ki, AYB-nin layihələrində onlara yer verilmir:

“Mən bu məsələni hər dəfə AYB-yə bildirirəm. AYB ilə BP-nin ortaq layihəsi var və bu layihəyə 64 min manatdan çox vəsait ayrılıb. Ötən il də, bu il də xanım yazarlara bu layihədə yer verilməyib. Ancaq bəy yazarların kitabları nəşrə təqdim olunur, bəy yazarlara mükafatlar verilir və onlar təbliğ olunurlar”.

Yazıçı əlavə edib ki, bununla bağlı şikayətlərini BP-yə də çatdırıblar.  Amma onlara cavab olaraq bildirilib ki, seçimi AYB edir:

“Digər məsələ AYB-nin yaş məsələsini əsas gətirməsidir. Onlar qeyd edir ki, ancaq müəyyən yaşa qədər olan yazarları mükafatlandırırlar. Nə üçün AYB xanım yazarları görməzdən gəlir? Yazıçılara evlər də verilir, amma biz xanımlar yenə də sayılmırıq”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid məsələyə münasibət bildirib. O, deyib ki, bu layihələrdə qadınların olmaması onu da narahat edir:

“Bizim istedadlı xanım yazarlarımız var. Hesab edirəm ki, onların da bir çoxu kitablarının çapına layiqdir. Ancaq, burda kriteriyalar var. Seçilənlər 35 yaşa qədər, istedadlı gənclər olmalıdır. Əgər BP bu proqramı davam etdirəcəksə, biz nəzərdə tutmuşuq ki, növbəti layihələrdə mütləq qadınlar da olsun”, - deyə Rəşad Məcid əlavə edib.

Aygün Hüseyn, Bizim.Media

Избранный
8
bizim.media

1Источники