Latakiya və ətrafında baş verən təxribatların Suriyada və regionda sülhə təhdid olmasına yol verilməməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Önçü Keçeli "X"-də paylaşımında qeyd edib.
Mətbuat katibi bildirib ki, Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün intensiv səylər davam etdirilir:
"Belə kritik bir zamanda Latakiya və ətrafında baş verən gərginlik, eləcə də təhlükəsizlik qüvvələrinin hədəfə alınması Suriyanı birlik və həmrəylik içində gələcəyə aparma səylərini sarsıda bilər. Biz suriyalıların sülh və rifah içində yaşamaq hüququnu hədəf alan hər cür hərəkətə qarşıyıq. Türkiyə Suriya xalqının və hökumətinin yanında olmağa davam edəcək".
Qeyd edək ki, Suriyada keçmiş Əsəd rejimini dəstəkləyən silahlı birləşmələr Latakiyadakı Beyt-Ana yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşları və maşınlarını hədəf alıb. Nəticədə bir əsgər ölüb və bir neçə nəfər yaralanıb. Suriya ordusu isə həmin qüvvələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olublar.