RU

Qətər: 30 minə yaxın yerli ekosistemə mənfi təsirli invaziv mayna quşu ovlanıb

Qahirə, 7 mart, AZƏRTAC

Qətərin Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən yerli ekosistemdə invaziv mayna (myna) quşlarının sayını məhdudlaşdırmaq və nəzarətdə saxlamaq məqsədilə 2022-ci ilin noyabrından həyata keçirilən layihə nəticəsində ümumilikdə 27934 quş ovlanıb.

AZƏRTAC “The Peninsula” nəşrinə istinadla xəbər verir ki, layihə nəticəsində hədəflənmiş ərazilərdə bu quşun sayı nəzərəçarpacaq dərəcədə azalıb. Nazirlik bildirib ki, 2024-cü ilin noyabr ayından 2025-ci ilin yanvar ayına qədər olan dövrdə 9934 quş ovlanıb. Layihə çərçivəsində 27 ərazidə 434 qəfəs yerləşdirilib.

Nəşrin məlumatına görə, bu quşun yerli bitkilərə və quşlara vurduğu zərər, həmçinin ekoloji balansı pozan mənfi təsiri nəzərə alınaraq, Qətərdə yerli ekosistemləri qorumaq və onların davamlılığını təmin etmək məqsədi güdən bu plan üzrə tədbirlər davam etdirilir.

Vurğulanır ki, digər quş növlərinə qarşı aqressiv davranışı və biomüxtəlifliyə mənfi təsiri ilə tanınan mayna quşu Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən dünyanın ən aqressiv invaziv quş növlərindən biri kimi siyahıya salınıb. Bu növ, həmçinin kənd təsərrüfatı bitkiləri üçün təhlükə yaradır və quş qripi, malyariya kimi xəstəlikləri daşıyır ki, bu da bəzi yerli quş növlərinin nəslinin kəsilməsinə səbəb ola bilər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Избранный
21
azertag.az

1Источники