RU

BMT: Hazırda 300 milyondan çox insanın təcili humanitar yardıma ehtiyacı var

Bakı, 7 mart, AZƏRTAC

BMT-nin humanitar yardımlar üzrə rəsmisi Tom Fletçer 300 milyondan çox insanın təcili yardıma ehtiyacı olduğunu bildirib. O əlavə edib ki, belə bir vəziyyətdə maliyyələşdirmə azalır və builki səviyyələrin rekord həddə düşəcəyi proqnozlaşdırılır. “Maliyyələşdirmənin amansız şəkildə kəsilməsi humanitar ehtiyacların aradan qalxması demək deyil. Bugünkü fövqəladə fondun (CERF) ayrılması resursları sürətlə ən çox ehtiyac duyulan yerə çatdırır”, -deyə Fletçer vurğulayıb.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, CERF-in ayırdığı 110 milyon dolların üçdəbiri Sudanı və çoxlu köçkün sudanlının yaşadığı qonşu Çadı dəstəkləyəcək. Vəsait, həmçinin Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Honduras, Mavritaniya, Niger, Somali, Venesuela və Zambiyada humanitar fəlakət bölgələrinə yönəldiləcək.

Ayrılan vəsaitin bir hissəsi həssas insanları iqlim şoklarından qorumaq üçün həyat qurtaran təşəbbüslərə xərclənəcək. Amma UNICEF-in icraçı direktoru cümə axşamı bildirib ki, bir çox ölkədə xaricə yardım səviyyəsinin maliyyələşdirilməsinin azaldılması BMT Uşaq Fondunun ən çox ehtiyacı olan milyonlarla uşağa çatmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

UNICEF-in rəhbəri Ketrin Rassel əlavə edib: “Kəskin ehtiyacın olduğu bir şəraitdə bir çox donor ölkələr tərəfindən yardımın azaldılması böhranı dərinləşdirir. Milyonlarla uşaq münaqişələrdən təsirlənir, onlar qızılca və poliomielit kimi ölümcül xəstəliklərə qarşı peyvənd olunmalı, təhsil almalı və sağlam olmalıdırlar”.

O əlavə edib ki, ehtiyaclar resursları üstələyir, habelə öz fəaliyyətində səmərəlilik və innovasiyalar tətbiq etməsinə baxmayaraq UNICEF məhdud imkanlara malikdir, eyni zamanda, kadr islahatları aparır. “Ancaq bunun başqa yolu yoxdur, bu yeni ixtisarlar milyonlarla əlavə uşağın həyatını riskə atacaq qlobal maliyyə böhranı yaradır”, -deyə Rassel vurğulayıb.

Tamamilə könüllü töhfələr hesabına maliyyələşdirilən BMT-nin uşaq agentliyi “tarixi irəliləyiş” əldə edərək milyonlarla insanı xilas etməyə kömək edib. 2000-ci ildən bəri dünyada beş yaşınadək uşaqlar arasında ölüm halları 50 faiz azalıb: “UNICEF bütün donorları dünya uşaqları üçün kritik yardım proqramlarını maliyyələşdirməyə davam etməyə çağırır. Biz indi onları yalnız buraxa bilmərik”, -deyə xanım Rassel qeyd edib.

Избранный
18
1
azertag.az

2Источники