RU

Siyasi dialoqun Azərbaycan modeli

Ölkədə artıq yeni siyasi konfiqurasiya formalaşır, yaxud yaranmaqdadır mərhələsi öz yerini davamlı və dayanıqlı dialoq mühitinə verib. 

Bununla da yeni siyasi mədəniyyət, sivil münasibətlər sistemi yaranıb. Prezident İlham Əliyevin tapşırığı ilə 2019-cu ilin sonundan başlayan, 44 günlük müharibə dövründə və ondan sonra da sistemli şəkildə aparılan bu proses uğurla davam edir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev şəxsən və onun rəhbərlik etdiyi şöbə ötən müddət ərzində prosesi yüksək səviyyədə həyata keçirdi.

Bir zaman siyasi partiyalar arasında dialoq deyəndə, ATƏT, Avropa Şurası tərəfindən təşkil olunan, əslində daha çox mübahisə və ya “kim haqlıdır?” debatlarını xatırladan mərhələlər bitib. İndi fərqli baxışlara, yanaşmalara malik olan siyasi təşkilatlar bir-birini dinləmək, fikirlərini öyrənmək, öz yanaşmalarını əsaslandırmaq və qarşı tərəfi, eləcə də cəmiyyəti inandırmaq üçün fərqli, sivil imkanlar əldə ediblər. Bu, sivil siyasi münasibətlər sistemidir.

Siyasi mədəniyyət, siyasi etika məhz belə olur və prosesin davamlılığı, axarı bütünlükdə cəmiyyətin inkişafına töhfə verir. 

Azərbaycan cəmiyyəti illərlə bunu arzu olaraq yaşadı. Lakin sivil münasibətlərin formalaşmasının qarşısını almaq imkanında olanlar prosesə imkan vermədilər. Təsir imkanları əllərindən çıxdıqdan sonra proses də axarına düşdü və münasibətlər sistemi köküdən dəyişdi. İndi bir əminlik var, geridönməz proses öz axarında davam edəcək. 

“ASAN xidmət” təcrübəsini dünyaya yayan ölkəmizdə mövcud siyasi qüvvələr arasında dayanıqlı yeni siyasi konfiqurasiya, siyasi dialoqun Azərbaycan modeli, sivil münasibətlər sistemi da istər region, istərsə də bir çox dünya ölkələri üçün öyrənilməli təcrübəyə çevriləcək.

Münasibətlər, yanaşmalar onu göstərir ki, bu dialoq və konfiqurasiya siyasi iradəylə yanaşı, həm də müasir yanaşmadır. Partiyalarla əlaqələr, onların problem və təkliflərinin öyrənilməsi, həlli, aparılan müzakirələr sistemli xarakterdədir. Artıq dialoq prosesinin təşviqi və daha da dərinləşdirilməsi üzərində iş aparılır, bu istiqamətdə müzakirələr davam etdirilir. 

Bu ilin fevral ayının sonunda siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən növbəti dəyirmi masa keçirildi.

Bunun davamı olaraq isə martın 6-da siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə Xankəndi, Əsgəran və Xocalıya təşkil olundu. 

Sayca 5-ci olan bu səfər eyni zamanda dialoqun davamıdır. Bundan əvvəl isə belə səfər iki dəfə Şuşaya, Ağdama və Zəngilana təşkil olunub.

Bu səfərlərin mahiyyəti gəzinti, işğaldan azad olunan ərazilərə getməyənlər üçün o yerləri görmək, aparılan abadlıq-quruculuq işləri ilə tanış olmaq deyil. Bu səfərlər əməkdaşlığın dərinləşməsinə, daha rahat və sərbəst fikir mübadiləsi aparmağa, münasibətlərin qurulmasına, möhkəmlənməsinə imkan yaradır. 

Həmsöhbət olduğumuz siyasilərin, partiya rəhbərlərinin yeni formalaşan münasibətlər sistemi haqqında fikirləri ölçüyəgəlməz dərəcədə böyükdür. Hər biri bunu ölkənin, dövlətin uğuru hesab edir.

Prezident İlham Əliyevin bu siyasətinin ölkəmiz üçün yaratdığı imkanların əvəzedilməz olduğunu bildirirlər. Eyni zamanda, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin bu istiqamətdə gördüyü işlərin böyük əhəmiyyətindən razılıq ifadə edirlər.

Bir sözlə, hər kəs bu münasibətdən, inkişafdan və sivil siyasi münasibətlər sistemindən məmnundur. 

Növbəti Xankəndi səfəri çox möhtəşəm oldu.

İlk olaraq, Əsgəran qalası ziyarət olundu. Yadıma 34 il əvvəl düşdü. 34 il əvvəl o qalanın yanında bizi Ağdamdan Xacalıya aparan avtobusa hücum edilmişdi. Bu dəfə isə Əsgəranın içindən qorxa-qorxa yox, qürurla keçdik.

Daha sonra Xankəndi. 

"Ermənilərin cəfəng "miatsum" ideyalarının əsarətindən qurtulan şəhər indi yenidən qurulur.

Bu səfərin təəssüratları zaman-zaman yaddan çıxmaz.

Üzlərdəki məmnunluq, söz və ifadələr bir daha yenilməzliyi, dövlətə inamı, qarşılıqlı etimadın bitib-tükənməyəcəyini göstərdi. Bütün bunlar bir daha istər keçirilən tədbirlərin, istər təşkil olunan bu səfərlərin sivil siyasi münasibətlər sistemində əvəzolunmazlığını və təməl prinsiplərinin möhkəm olduğunu təsdiqləyir...

Избранный
27
cebheinfo.az

1Источники