RU

Bakıda “Bir millət, iki dövlət ortaq gələcək görüşü” adlı tədbir keçirildi – FOTO/VİDEO

Ötən gün Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Bir millət, iki dövlət ortaq gələcək görüşü” adlı tədbir təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbirdə Türkiyədən hüquq, media və sağlamlıq sahələrində mütəxəssislər, həmçinin tekstil və qida sahələrində fəaliyyət göstərən iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində baş tutan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirin davamında isə həm Türkiyə, həm də Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Tədbirin əsas məqsədi Azərbaycanın milli və tarixi dəyərlərini gündəmə gətirərək, cəmiyyəti ortaq prinsiplər ətrafında birləşdirmək, birgə fəaliyyətin gücləndirilməsinə dəstək vermək və iş dünyasında yeni əlaqələrin yaradılmasına təşviq etmək olub.

Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hər keçən gün daha da möhkəmlənir. Tədbirdə həmçinin Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanı dəstəkləməsi və iki ölkə arasındakı qardaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb.

Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq bağlarının 44 günlük müharibədə daha da gücləndiyini qeyd edib. O, həmçinin hər iki ölkənin qadınlarının birliyinin qüdrətini xüsusi olaraq vurğulayıb.

Azərbaycan Qan Donoru İnkişaf Mərkəzinin direktoru Fuad Rəsul isə irsi qan xəstəliyindən əziyyət çəkən ailələrə dövlətin göstərdiyi yardımlardan bəhs edib.

Sonrakı çıxışlarda sosial məsuliyyət layihələrinin mediada işıqlandırılmasının vacibliyi qeyd edilib və qadınlar arasındakı birliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Çıxışlarda, çətinliklərlə mübarizə aparan qadınlarla bağlı sosial layihələrin həyata keçirilməsinin önəmi də diqqətə çatdırılıb.

Bu tədbir həm keçmişə hörmətin göstərilməsi, həm də ticarət əlaqələrinin möhkəmləndirilməsinə töhfə vermək baxımından əhəmiyyətlidir.

Sosial həmrəylik, qadın və uşaq hüquqları mövzularında təşkil olunan tədbir Azərbaycan və Türkiyə arasındakı sosial əlaqələri gücləndirməyi hədəfləyib.

 

Избранный
14
2
yenicag.az

3Источники