RU

ABŞ və Çin arasında müharibə olacaq? - Pentaqon rəhbəri nə demək istəyir?

Pentaqon rəhbəri Pete Heqset ABŞ və Çin arasında potensial hərbi toqquşma barədə danışarkən qeyd edib ki, sülhə nail olmaq üçün müharibəyə hazırlaşmaq lazımdır.

Bəs ABŞ və Çin arasında müharibənin başlama ehtimalı varmı?

Mövzu ilə bağlı Redaktor.az a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, ABŞ və Çin arasındakı münasibətlər nə qədər gərginləşsə də, təbii ki, bu, açıq müharibə səviyyəsinə keçməyəcək:

"Çünki bu, çox böyük bir təhlükəli mərhələyə gətirib çıxara bilər. Buna görə də nə Pekinin, nə də Vaşinqtonun çox irəli gedəcəyini düşünmək, fikirləşirəm ki, sadəlövlük olmaq olar. Ancaq təbii ki, müxtəlif sahələrdə ABŞ və Çin arasındakı rəqabət yüksək səviyyədə davam edəcək. Xüsusilə də bu fonda iki dövlət də silahlanmağı davam etdirəcəklər. ABŞ və Çin əsasən iqtisadi olaraq bir-biri ilə rəqabətə girəcəklər. Nəzərə alaq ki, Çinin son zamanlarda Amerika qitəsindəki mövqeyi çox güclənib. Xüsusilə Panamada Çin kütləvi şəkildə bu müddət ərzində limanları icarəyə götürməkdə davam edirdi. Məhz Trampın Panamaya qarşı aqressiyasının əsas səbəblərindən biri də bu idi. Kanada ilə Çinin arasında iqtisadi əlaqələr son zamanlarda güclü şəkildə inkişaf edib. Yenə də Trampın Kanadaya qarşı sərt ritorika göstərməsinin əsas səbəblərindən biri də məhz bu idi".

zeynal

Politoloq qeyd etdi ki, Çin Amerikanı  müxtəlif bölgələrdə iqtisadi cəhətdən sıxışdırıb çıxarmaqla məşğuldur:

"Məsələn, Avropa bazarında artıq Çinin elektron malları, ABŞ elektron mallarını demək olar ki, sıxışdırır. Nəzər alaq ki, Çin hökuməti öz elektron mallarını subsidiya ilə təmin edir və bunun nəticəsində bu mallar Avropa bazarlarında çox ucuz qiymətə satılır. Bu, Amerika elektron mallarının və Avropa elektron mallarının Çin qarşısında uduzmasına gətirib çıxarır. Bütün bunların fonunda Amerikanın güclü şəkildə Çinlə iqtisadi müharibəyə girişməsi ehtimalı böyükdür. Amma bu, açıq müstəviyə keçə bilməz. Pekindən gələn açıqlamada şahid oluruq ki, tərəflər arasında Ukrayna ilə bağlı da ziddiyyətlər var".

Zeynal Əmrəliyevin sözlərinə görə, Çin, ABŞ-nin dəstəyi ilə Ukraynada əldə olunacaq sülhlə razılaşmaq istəmir.

"Çin bildirir ki, Ukraynada özü də söz sahibidir. Nəzərə alaq ki, müharibə dövründən əvvəl bu proses başlamışdı. Müharibə başladıqdan sonra isə bu proses daha da sürətləndi. Çinin Ukraynadakı mövqeləri çox güclüdür. İqtisadi olaraq Çin Ukraynaya davamlı şəkildə investisiyalar yatırır. Zelenski hökuməti ilə Pekindəki hökumətin çox geniş şəkildə əlaqələri var. Son zamanlarda bu əlaqələr güclü şəkildə inkişaf edir. Buna görə də müxtəlif cəbhələrdə, bölgələrdə və meyarlarda ABŞ və Çin arasında münaqişələr davam edəcək. Amma bunun hərbi toqquşmaya gətirmə ehtimalı çox zəifdir", - deyə politoloq bildirdi.

Aytəkin TOFİQQIZI

Избранный
58
redaktor.az

1Источники