RU

Adı heç yerdə olmayan şirkət iki rayonda abadlıq işlərini necə həyata keçirəcək?

Cari ilin fevral ayının əvvəlində Neftçala Rayon İcra Hakimiyyətinin abadlıq və mənzil fondunun əsaslı təmir işləri ilə bağlı 1 254 237,76 manatlıq satınalma müsabiqəsinin qalibi olan “Avtoyoltikintiservis” MMC-yə daha bir tender verilib.

Yenicag.az xəbər verir ki, bu dəfəki tenderdə satın alan təşkilat Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə Nümayəndəliyidir.

Qurumun keçirdiyi tender abadlıq işlərinin, qəsəbədaxili yolların cari təmiri işlərinin və qəsəbədaxili işıqlandırma işlərinin satın alınması ilə bağlıdır.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 696 170,03 manatdır.

“Avtoyoltikntiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. “Avtoyoltikintiservis” MMC-nin nə əlaqə telefonları, nə də internet səhifəsi var.

Bu baxımdan, şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.

Digər tərəfdən, adicə bir internet səhifəsi olmayan şirkətin təxminən eyni vaxta həm Laçında, həm də Neftçalada abadlıq və təmir işlərini necə həyata keçirəcəyi maraqlıdır.

Onu da qeyd edək ki, “Avtoyoltikintiservis” MMC Neftçala Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi seçiləndə 154 min manat vergi borcu var idi. Hazırda şirkətin vergi borcu yoxdur. Görünür, tenderin qalibi seçiləndən sonra borc ödənilib./qaynarinfo

Избранный
17
1
yenicag.az

2Источники