RU

Ramazanın BİLİNMƏYƏNLƏRİ: Bunları səhv edirik... 

Bu gün Ramazan ayının 7-ci günüdür.


11 ayın sultanı davam edərkən ibadət yolunda düzgün formada addımlamaq üçün bəzi qaydalara əməl etmək lazımdır.


Ramazanla bağlı hansı bilinməyənlər var? Hansı hallar orucu poza bilər? Bu günlərdə bilmədən etdiyimiz səhvlər nələrdir?


İlahiyyatçı Ağa Hacıbəyli “Referans”-a açıqlamasında bu haqda danışıb.



“Ramazan ayı boyunca bizim bilərəkdən və ya bilməyərəkdən etdiyimiz bir çox səhvlər, xətalar olur. O səhvləri ki biz bilərəkdən edirik, o günahları ki istəyərək işləyirik, təbii ki, bunların məsuliyyəti bizim boynumuzda qalır. Amma elə xətalar var ki, onlar insanın bilgisizliyindən, cahilliyindən doğur. Qurani-Kərimin bir ayəsində rəbbimiz deyir ki, Allahım bilmədən etdiyimiz səhvlərə, eyni zamanda unutduqlarımıza görə bizi hesaba çəkmə. Bu o deməkdir ki, insan həm də unudan varlıqdır amma xatırlanmasına ehtiyac var. Bu gün mediadan, sağdan-soldan, kitablardan biz Ramazanla bağlı, orucu pozan amillərlə bağlı kifayət qədər eşitmişik və bilirik. Bu işin zahirindən daha çox batini tərəflərini insanlarımız düşünməlidir. Peyğəmbərimiz s.ə.s buyurub ki, əgər bir insan oruc tutub hələ də yalan danışırsa, hələ də əsəbləşərsə, kindarlıq edərsə və s. bütün bunlar tutulan oruca mənfi təsir edər”.


İlahiyyatçı bildirib ki, İslam dininə görə, oruc tutmağın mahiyyəti sadəcə səhərdən axşama kimi ac qalmaq, yalnız qida qəbuluna məhdudiyyət qoymaq deyil.


“Biz Ramazan boyunca, xüsusilə, Qədr gecəsinə doğru gediriksə, gərək doğru yolda addımlayaq ki, verilən mənəvi şəhadətnamədə bizim də rolumuz olsun. Adımız sadəcə ac qaldı, susuz qaldı kimi adı hallanan insanların siyahısında qalmadı. Bu baxımdan hesab edirəm ki, medianın da burada böyük rolu var”.


İlahiyyatçı qeyd edib ki, ən böyük günahlardan biri hesab olunan, xüsusilə, Ramazan ayında qeybət etmək İslamda ölmüş qardaşın ətini yeməklə bir tutulur.

 

Fidan Vəlisoy

Избранный
39
referans.az

1Источники