RU

“Fitch”: MDB+ ölkələrinin bankları 2025-ci ildə avrobond emissiyasını yüksək səviyyədə saxlaya bilər

Ötən il MDB+ ölkələrinin bankları tərəfindən 3,5 milyard ABŞ dolları məbləğində avrobond yerləşdirilib ki, bu da 2020-ci ilin rekordunu (1,3 milyard ABŞ dolları) əhəmiyyətli dərəcədə üstələyib.

“Report” “Fitch Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, digər regionlarla müqayisədə bu göstərici cüzi olaraq qalır.

Agentliyin məlumatına görə, 2025-ci ildə avrobondların emissiya həcmi 2024-cü ildə qeydə alınmış səviyyəyə yaxınlaşa bilər: yenidən maliyyələşdirmə ehtiyacları, əlverişli iqtisadi şərait və investorların marağı artımın əsas amilləri olacaq. Özbəkistan və Qazaxıstan banklarının avrobondların yerləşdirilməsi üzrə yenidən lider olacağı gözlənilir.

"Regionda yüksək iqtisadi artım kreditləşmə həcminin artmasını və bankların maliyyə göstəricilərinin yaxşılaşmasını dəstəkləyir ki, bu da avrobond yerləşdirmələrin artmasına kömək edir. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin və Türkiyənin maliyyə institutları kimi "MDB+ ölkələrinin bankları da investorların inkişaf etməkdə olan bazarlara marağından faydalanır. Lakin MDB regionunda geosiyasi vəziyyət proqnozlara təsir edən əsas amil olaraq qalır", - “Fitch”in hesabatında qeyd olunub.

Uzun müddət davam edən məhdud buraxılış həcmləri və Rusiya emitentləri üçün beynəlxalq bazarların bağlanmasından sonra təxirə salınmış tələb MDB+ banklarının avrobond bazarında fəallığı üçün əlavə stimul ola bilər. Əvvəllər Rusiya borcalanları regionda üstün mövqeyə malik idi və indi bəzi investorlar MDB+ regionunun digər emitentləri arasında alternativlər axtara bilərlər.

“Fitch” proqnozlaşdırır ki, 2025-ci ildə Özbəkistan bankları 0,7 milyard ABŞ dollarına qədər məbləğdə avrobond yerləşdirəcək, baxmayaraq ki, bu məbləğin bir hissəsi artıq 2024-cü ilin ikinci yarısında təkrar maliyyələşdirilib. Xarici valyutada borcalma Özbəkistan bankları üçün maliyyələşdirmənin əsas mənbəyi olaraq qalır. Kreditlərin depozitlərə yüksək nisbəti (2024-cü ilin sonuna 173 %) bunu təsdiqləyir.

Agentliyin analitikləri hesab edirlər ki, Özbəkistanın bəzi bankları daxili bazarda uzunmüddətli maliyyələşdirmə imkanlarının məhdud olduğunu nəzərə alaraq, kreditləşmənin artımını maliyyələşdirmək üçün ilk dəfə avrobond bazarına çıxa bilər. Həmçinin milli valyutanın məzənnəsi sabit qalarsa, Özbəkistan somunda istiqraz buraxılışının davam etdirilməsi mümkündür.

Qazaxıstanda bazarın əsas oyunçusu Qazaxıstan İnkişaf Bankı olaraq qalır. Bank 2024-cü ildə 2025-2027-ci illər üzrə borcun yenidən maliyyələşdirilməsi üçün 1,4 milyard ABŞ dolları məbləğində avrobond yerləşdirib. “Fitch” bankın bazar maliyyələşdirməsində payının artırılması strategiyası çərçivəsində yenidən beynəlxalq bazarlara çıxa biləcəyini gözləyir.

Digər Qazaxıstan bankları da kredit portfelinin depozit portfelinə nisbətinin tədricən artması (2022-ci ildə 76 %-ə qarşı 2024-cü ilin sonuna 83 %) və kreditləşmə həcmlərinin artması fonunda avrobondların yerləşdirilməsi imkanını nəzərdən keçirir. Lakin ümumilikdə bank sektorunun likvidliyi yüksək olaraq qalır, xarici öhdəliklərin yenidən maliyyələşdirilməsi tələbi isə məhduddur.

“Fitch” hesab edir ki, 2025-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstan banklarının avrobond bazarına çıxması ehtimalı daha azdır. Gürcüstanda “TBC Bank” və “Bank of Georgia” kimi emitentlər siyasi risklər səbəbindən investorların marağının azalması ilə üzləşə bilər. Bank sektorunun sabit maliyyə göstəricilərinə baxmayaraq, ölkənin suveren reytinqi üzrə mənfi proqnoz bunu təsdiq edir.

Hesabata əsasən, Azərbaycanın ən böyük banklarının əlverişli likvidlik səviyyəsi sayəsində avrobond buraxılışına böyük ehtiyacı yoxdur. Xüsusilə Azərbaycan Beynəlxalq Bankı aşağı kredit/depozit nisbəti (62 %) və aşağı orta çəkili maliyyələşdirmə dəyərinə (2024-cü ilin birinci yarısının sonuna 1,9 %) malikdir.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq maliyyə bazarında yerləşdirdiyi avrobondlar ölkənin xarici dövlət borcunun 27 %-ni və ya 1,387 milyard ABŞ dollarını təşkil edir. 310,7 milyon ABŞ dolları məbləğində avrobondların (5,125 % kupon ödənişləri) ödəniş müddəti 2029-cu ildə, 1,076 milyard ABŞ dolları məbləğində avrobondların (3,5 % kupon ödənişləri) ödəniş müddəti isə 2032-ci ildə başa çatır.

Избранный
34
report.az

1Источники