RU

Ekspert İvan Us: İnanıram ki, Ukrayna ilə ABŞ arasında dialoq mühiti yaranacaq

Kiyev, 7 mart, AZƏRTAC

Rəsmi Kiyev münasibətlərin normallaşması üçün Vaşinqtona barışıq əlini uzadıb və Ukrayna-Rusiya münaqişəsinin həlli üçün danışıqlara hazır olduğunu bəyan edib. Ukraynanın bu mövqeyindən sonra proseslərin hansı istiqamətdə davam edəcəyi sual doğurur.

Sual doğuran əsas məsələlərdən biri də rəsmi Vaşinqtonun Ukraynaya hərbi yardımın dayandırılmasına dair çıxardığı qərarı yenidən dəyişib-dəyişməyəcəyidir. Rəsmi Kiyev Vaşinqtonla yaranmış soyuqluğu aradan qaldırmaq üçün səylərini artırıb. Prezident Volodimir Zelenski artıq gələn həftə Ukrayna və Amerika Birləşmiş Ştatlarının nümayəndələri arasında görüşün baş tutacağı anonsunu da verib.

Ukraynalı siyasi ekspert İvan Us AZƏRTAC-a açıqlamasında bildirib ki, Ağ Evin Oval kabinetində Prezident Zelenski ilə Prezident Tramp arasındakı münaqişədən sonra çoxları ABŞ-la Ukrayna arasında münasibətlərin pozulduğunu, yenidən əməkdaşlığın baş tutmayacağını düşünürdü.

“Sözsüz ki, biz böyük təlatümlər dövründə yaşayırıq. Tramp bu çaşqınlığı artırıb və artırmaqda davam edir. Müvafiq olaraq, bir çox məsələni hələ də daha ətraflı araşdırma prizmasından qavramaq lazımdır, nəinki emosiyalar prizmasından. Biz bir çox məsələnin tənqidi təhlil olmadan, emosiyalar vasitəsilə qəbul edildiyi bir dünyada yaşayırıq. Bununla belə, Tramp Konqres qarşısında çıxışı zamanı Prezident Zelenskidən Ukraynanın sülh istəməsi və nadir torpaq mineralları üzrə sövdələşməni davam etdirməyə hazır olması mesajını aldığını vurğuladı.

Ticarət müharibələrinin başlaması ilə əlaqədar olaraq, ABŞ-ın əsas tərəfdaşlarına qarşı durmayacağı aydındır. Çünki Çinin ən ciddi cavabı nadir torpaq minerallarının ABŞ-a tədarükünü tamamilə dayandırılması cəhdi ola bilər. Bunun təsirini minimuma endirmək üçün isə ABŞ-a digər ölkələrdən faydalı qazıntıların tədarükü ilə bağlı müqavilələr bağlamaq lazımdır və Ukrayna nümunə kimi göstərilib. Ona görə də burada qarşılıqlı maraq var və hesab edirəm ki, Ukrayna yenə də bu qarşılıqlı maraqdan istifadə edərək ABŞ-la dialoqa qayıdacaq”, - deyə ukraynalı ekspert əlavə edib.

İvan Usun proqnozuna görə, Ukrayna ilə ABŞ arasında yenidən dialoq mühiti yarandığı halda, rəsmi Vaşinqton hərbi təchizatı bərpa edə bilər.

“Düşünmürəm ki, hərbi yardımın dayandırılması qərarı uzunmüddətli olsun. Çox güman ki, Tramp administrasiyası ilə Zelenski arasında münaqişəyə tez son qoyularsa, təchizat bərpa olunacaq, yəni, Ukrayna bir çox üstünlükləri itirməyəcək”, deyə İvan Us vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti V.Zelenski atəşkəsin mərhələli şəkildə tətbiqinə dair təkliflə çıxış edib. O, ilk növbədə, əsirlərin qaytarılması, səma və dənizdə atəşkəsin elan edilməsi, qarşılıqlı hava hücumlarının dayandırılmasını istəyir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
19
azertag.az

1Источники