2025-ci ilin yanvar ayında Rusiya, Moldovaya qaz tədarükünü dayandıracağını elan edib. Bu qərar, Moldova hökuməti tərəfindən siyasi təzyiq kimi qiymətləndirilib və ölkədə enerji çatışmazlığına səbəb olub. 2025-ci ilin fevral ayında Rusiyanın Ukraynanın Dunay çayı yaxınlığındakı limanlarına etdiyi hücumlar zamanı bəzi pilotsuz uçuş aparatları (PUA) Moldovanın hava məkanını pozub və ölkə ərazisinə düşüb. Bu insidentlərdən sonra Moldova və qonşu Rumıniya Rusiyanın səfirlərini çağıraraq etirazlarını bildiriblər.
SSRİ-nin dağılmasından sonra postsovet məkanında bir çox separatçı bölgələr formalaşdı. Xüsusilə Qafqaz regionunda Abxaziya və Cənubi Osetiya kimi bölgələr meydana gəldi. Analoji vəziyyət Moldovada da yaşandı və nəticədə Dnestryanı bölgəsi özünü müstəqil elan etdi. Hazırda bu bölgənin statusu və gələcəyi yenidən beynəlxalq müzakirələrin mərkəzinə çevrilib.
Maraqlıdır, Rusiya Moldovaya qoşun yeridə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İbrahim Xəlil bildirib ki, Moldova və Dnestryanı bölgədə də bəzi problemlər mövcuddur:
“Rusiya orada öz təsirini qorumağa çalışır. Əgər qonşuluğunuzda qaydalara əməl etməyən, beynəlxalq hüquq normalarını nəzərə almayan güclü bir dövlət varsa, siz də müvafiq tədbirlər görməyə məcbursunuz. SSRİ-nin kapitalist dövlətləri ilə bəzi hərbi əməkdaşlıqları var idi. Finlandiyanın o dövrdə tətbiq etdiyi "Vike-Konen xətti" adlı siyasət buna nümunədir. Onlar Qərb dövlətləri ilə dost olsalar da, Rusiya ilə qonşuluq münasibətlərini qoruyurdular. Çünki əgər Rusiya birdən hücuma keçsəydi, Qərb onları qorumağa çata bilməyəcəkdi. Azərbaycan isə 1992-1993-cü illərdə Rusiya qoşunlarını ölkədən çıxaran yeganə dövlət oldu. Amma həmin qoşunlar Gürcüstan və Ermənistan üzərindən yenidən Qarabağa daxil oldular. Rusiya faktiki olaraq 2024-cü ildə tamamilə Azərbaycanı tərk etdi. Sovet dövründən bəri Azərbaycan ərazisində rəsmi və ya qeyri-rəsmi Rusiya qoşunları mövcud olub. Dövlət idarəçiliyi məsələlərə daha ağıllı və strateji yanaşma tələb edir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar sıravi vətəndaşlara ciddi təsir etmir. Çünki Rusiya xalqı çətin şəraitdə yaşamağa öyrəşib. Əgər sanksiyalar zənginləri hədəfə alırsa, onların sərvəti azalır, lakin bu, ciddi bir dəyişikliyə səbəb olmur. Rusiya üçün insan itkisi də o qədər əhəmiyyətli deyil”.
Politoloq onu da qeyd edib ki,Moldova və Ukrayna dövlətləri tarixi baxımdan Rusiyanın təsiri altında formalaşıb:
“Moldova əslində Osmanlı dövründə Valaxiya bölgəsi idi. Rumıniya belə 1877-78-ci illərdə San-Stefano müqaviləsi ilə Rusiyanın təsiri altında yaranmışdı. Lakin bu gün həmin ölkələr özlərini tam müstəqil və fərqli mövqedə görməyə çalışırlar. Ukrayna-Rusiya münaqişəsi xüsusilə Donald Tramp hakimiyyətə gəldikdən sonra fərqli mərhələyə keçdi. ABŞ senatoru Marko Rubio açıq şəkildə bunun bir proksi müharibə olduğunu etiraf edib. Yəni, ABŞ və Qərb dövlətləri Ukraynanı Rusiya ilə döyüşdə vasitə kimi istifadə edir. Sabah Rusiya Nikolaev və Odessa vilayətlərini ələ keçirdikdən sonra Moldova tamamilə müdafiəsiz qalacaq. Belə bir vəziyyətdə Moldovanın Rusiyaya qarşı müqavimət göstərməsi real görünmür. Moldova rəhbərliyi Qərbin maraqlarına xidmət edən bir idarəetmə formalaşdırıb. Prezident Maya Sandunun hakimiyyəti qərbin dəstəklədiyi komprador rejim nümunəsidir. Onlar yalnız xarici maraqlara xidmət edir və öz ölkələrinin mənafeyini ikinci plana atırlar. Hazırda regiondakı vəziyyət gərgin olaraq qalır”.
Leyla Turan
Demokrat.az