RU

D-8-ə üzvlük Azərbaycan üçün yeni imkanlar açacaq

Uğurlu daxili və xarici siyasəti ilə beynəlxalq münasibərlər sistemində mövqeyinivə nüfuzunu gündən-günə möhkəmləndirən Azərbaycan ötən ilin sonlarında “İslam Səkkizliyi”nə qoşuldu.  Prezident İlham Əliyev bildirib ki, ölkəmizin D-8-ə qəbul olunması Azərbaycanın nüfuzunu və beynəlxalq aləmdəki rolunu göstərir: “Dünyada 60-a yaxın müsəlman ölkəsi var, lakin Azərbaycan yeni üzv kimi seçilib. Təbii ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”.

D-8-ə üzv ölkələri- Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya, Banqladeş və indi Azərbaycan-təxminən 1,2 milyard insanı təmsil edir və nominal ümumi daxili məhsulu (ÜDM) 4 trilyon dollar həcmindədir. Beynəlxalq Valyuta Fondunun 2024-cü ildə nəşr edilən hesabatına əsasən, D-8 təşkilatına üzv ölkələrin nominal milli gəlirləri toplam 5,1 trilyon ABŞ dolları, adambaşına düşən milli gəliri isə cəmi 48 min ABŞ dollarından çox olub. Təşkilata üzv ölkələrin toplam əhali sayı 1,3 milyard nəfərə yaxındır. D-8 ölkələri arasında xarici ticarət dövriyyəsi 2 trilyon ABŞ dollarına çatmaqla qlobal ticarətin 4,5 fazini və qlobal ümumi daxili məhsulun 5 fazini təşkil edir.

Martın 7-də Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqləyib. Bununla bağlı parlamentin bugünkü plenar iclasında “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qeyd edilib ki, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə bildirib ki, Azərbaycan təşkilata üzvlüyü ilə D-8 preferensial ticarət sazişi anlaşmasına qoşularaq üzv ölkələrlə qarşılıqlı ticarət imtiyazlarından istifadə edə bilər. Bura tariflərin qarşılıqlı endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, mənşə qaydalarının müəyyənləşdirilməsi və s. daxildir. Hazırda Türkiyə və Pakistanla preferensial ticarət razılaşmasına malik Azərbaycanın qalan üzv ölkələrlə də güzəştli ticarət razılaşmalarına daxil olması mümkündür. Bu Azərbaycanın qeyri-neft-qaz ixracının çeşidlənməsi və şaxələndirilməsi baxımından əlverişli fürsətdir. D-8 ölkələrinin 2030-ci ilə qədər qəbul edilən birgə Yol Xəritəsinin əsas hədəflərindən biri üzv ölkələr arasında ticarət dövriyyəsinin qlobal ticarətin 15-20 faiz çatdırılmasına nail olmaqdır. Azərbaycanın D-8 təşkilatına qoşulmaqla müxtəlif hədəflərə çatmaq istiqamətində dinamik addımlar atması milli iqtisadiyyatında böyüməsi ilə nəticələnəcək.

N.Hacızadə vurğulayıb ki, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycanın həmin ölkələrlə iqtisadi-siyasi əlaqələrinin daha da inkişaf etməsinə və genişlənməsinə səbəb olacaq: “Belə ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsi 7,7 milyard ABŞ dolları olmaqla D-8 iqtisadiyyatları ilə məcmu xarici ticarət dövriyyəsinin 90 faizini , İran İslam Respublikası ilə xarici ticarət dövriyyəsi 487,4 milyon ABŞ dolları təşkil etməklə toplam dövriyyənin 5,7 faizini təşkil edir. Azərbaycanın D-8 təşkilatına üzv ölkələr ilə birgə məcmu xarici ticarət dövriyyəsi 8,52 milyard ABŞ dolları təşkil edir ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 16,7 faizinə bərabərdir. Habelə, Azərbaycanın D-8 ölkələrinə toplam ixracı 5,6 milyard ABŞ dolları təşkil edib. Üzv ölkələr arasında Azərbaycanın ən aşağı ticarət dövriyyəsi 477 min ABŞ dolları ilə Nigeriya ilə olub. Nəticə etibarilə, Azərbaycanın qarşısında dayanan coğrafi şaxələnmə istiqamətində islahat tədbirlərini D-8 ölkələri vasitəsilə də həyata keçirməsi mümkündür.

Zahid Rza, “İki sahil”

Избранный
29
ikisahil.az

1Источники