RU

Bakı və Ankaranı yeni strateji hədəflər gözləyir

Politoloq Yeganə Hacıyeva: İğdır-Naxçıvan qaz kəməri layihəsi yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda, Azərbaycan və Türkiyənin regional və qlobal enerji strategiyasının vacib elementlərindən birinə çevrilməyi hədəfləyir

Azərbaycan və Türkiyə arasındakı münasibətlər artıq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Hətta Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimizi birləşdirib, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Amma iki ölkə indiyədək əldə olunan nailiyyətlərlə kifayətlənmək niyyətində deyil. Bu səbəbdən də strateji əməkdaşlığı yeni layihələrlə daha da  genişləndirir. İki qardaş ölkə prezidentlərinin martın 5-də videobağlantı formatında açılışını etdikləri  dostluq, qardaşlıq və sarsılmaz birliyin rəmzi -  İğdır-Naxçıvan qaz kəməri ilə bu əməkdaşlığın əbədi olduğunu bir daha nümayiş etdiriblər. 

Xatırladaq ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət göstərcək. Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq. Yeri gəlmişkən, İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi ilə Naxçıvanın İran qazından asılılığını tamamilə aradan qaldırır. Şübhəsiz, bu, müasir dünyada və geosiyasi reallıqlar şəraitində Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin  daha bir abidəsidir. Bunu həm də geosiyasi reallıqlar şəraitində Azərbaycan-Türkiyə qardaşlığının, ikitərəfli əlaqələrin inkişafının yeni mərhələsinin yeni çaları da adlandırmaq olar. Ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün türk dünyasının birliyinin və həmrəyliyinin təcəssümüdür.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, tarix boyu Cənubi Qafqazda müxtəlif güc mərkəzlərinin maraqları toqquşub, zaman-zaman regional qüvvələr balansı dəyişib: “Bugünkü reallıqda isə sözügedən regionda sabitliyin əsas qarantlarından biri Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq, qardaşlıq və müttəfiqlik münasibətləridir. Mübaliğəsiz demək olar ki, regionda təhlükəsizliyin əsas sütunlarından biri Azərbaycan dövlətinin siyasi iradəsi, Azərbaycan Silahlı Qüvvələrinin gücü və Ali Baş Komandanın qətiyyətli siyasətidir. Bu kontekstdə Türkiyə Azərbaycanın yalnız strateji tərəfdaşı deyil, eyni zamanda qardaş hesab etdiyi dövlətdir”.

Y. Hacıyeva qeyd etdi ki, Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri və İğdır-Naxçıvan qaz boru kəmərinin istifadəyə verilməsi münasibətlərin daha da gücləndirilməsi baxımından mühüm tarixi hadisədir: “Bu layihə yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda, Azərbaycan və Türkiyənin regional və qlobal enerji strategiyasının vacib elementlərindən birinə çevrilməyi hədəfləyir. Bildiyiniz kimi, SSRİ dönəmində formalaşan enerji təchizatı sisteminə əsasən, Naxçıvana qaz nəqli İran vasitəsilə həyata keçirilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cənub qonşusu ilə xoşməramlı münasibətləri qoruyub saxlamaq məqsədilə bu təchizat prosesini davam etdirdi. Lakin son illərdə dövlətimizin enerji strategiyası yeni reallıqlar və milli maraqlar əsasında formalaşdırılıb. Bu strategiyanın əsas məqsədi yalnız ölkənin daxili enerji təhlükəsizliyini təmin etmək deyil, həm də strateji tərəfdaşlarının enerji tələbatını qarşılayaraq regional güc mövqeyini daha da möhkəmləndirməkdir. İğdır-Naxçıvan qaz boru kəməri bu strategiyanın mühüm tərkib hissəsidir. Layihə Azərbaycanın suveren enerji siyasətinin göstəricisidir, həmçinin Türkiyə ilə strateji əlaqələrin gücləndirilməsinin parlaq nümunəsidir.  Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın həmin tədbirdə dediyi “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik fikrini sitat gətirən həmsöhbətimizin sözlərinə görə, tərəfdaşlığımz təkcə enerji sahəsi ilə məhdudlaşmır, siyasi, iqtisadi və təhlükəsizlik aspektlərini də əhatə edərək hər iki ölkənin qlobal miqyasda güclənməsinə töhfə verir: “Şübhə etmirəm ki, gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi və yeni strateji layihələrin həyata keçirilməsi regional sabitlik və inteqrasiyanın inkişafı baxımından həlledici amil olacaq”.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində iki ölkə arasındakı müttəfiqlik getdikcə genişlənməkdədir: “Hər iki liderin İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimindəki çıxışlarında səsləndirdikləri fikirlər də hazırkı münasibətlərin yüksək səviyyəsinin məntiqi nəticəsindən irəli gəlirdi. Bu mənada həmin mərasim Türkiyə-Azərbaycan birliyinin, dostluğunun, qardaşlığının növbəti əyani təzahürü kimi tariximizin yaddaşına həkk olundu”.

Müsahibimiz, həmçinin vurğuladı ki, sovet hakimiyyəti ötən əsrin 20-ci illərində Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirib: ”Bununla da Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozuldu. Birinci Qarabağ savaşında  Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları həm də Naxçıvanı işğal etmək idi. Amma Ulu Öndər Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi. Bununla da hayların xülyaları baş tutmadı”.

Z. Məmmədov əminliklə bildirdi ki, biz bundan sonra Zəngəzura da qayıdışımızın şahidi olacağıq. “Necə deyərlər, qarşıda Bakı və Ankaranı, yəni bu qardaşlığı digər strateji hədəflər də gözləyir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
22
ikisahil.az

1Источники