RU

Avstriya bəstəkarı Bakıda

Tanınmış rus əsilli avstriyalı bəstəkar Maksim Seluyanov Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət edib. O, muzeydə nümayiş olunan eksponatlarla tanış olub, dahi bəstəkarın zəngin irsi haqqında məlumat alıb. Ziyarət zamanı M. Seluyanov muzeyin direktoru, Xalq artisti və bəstəkar Sərdar Fərəcovla səmimi söhbət aparıb. Bəstəkar Üzeyir Hacıbəyli irsinə olan heyranlığını ifadə edərək, belə bir muzeyin fəaliyyətini yüksək qiymətləndirib.

Bəstəkarın Bakıya səfərinin digər məqsədi isə əsərinin təqdimatı ilə bağlı olub. Belə ki, martın 5-də Muğam Mərkəzində Azərbaycan Respublikasının əməkdar artisti, beynəlxalq müsabiqə və festivallar laureatı, pianoçu Rəna Rzayevanın “Əbədi qayıdış” adlı kitabının təqdimat mərasimi keçirilib. R. Rzayeva “Nəsillər boyu” adlı konsert proqramı ilə çıxış edib.Yozef Haydn, Nikolay Metner, Aqşin Əlizadə, Aleksandr Skryabin və digər bəstəkarların əsərləri ilə yanaşı, Maksim Seluyanovun 2023-cü ildə yazdığı “Sonata 5.0” əsəri də təqdim olunub. Bu əsər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bəstəkar Bavyera Dövlət Operasının, Cənubi Almaniya Radiosunun (Südwestrundfunk), müxtəlif Avropa festivallarının, ansamblların və solistlərin sifarişləri əsasında yazdığı musiqi əsərlərinin müəllifidir. Maksim Seluyanov bir çox beynəlxalq müsabiqələrin, dövlət qrantlarının və mükafatların, o cümlədən Almaniya Federativ Respublikasının aparıcı sənətçiləri dəstəkləyən ən nüfuzlu qurumu olan Romadakı Villa Massimo mükafatının, Avstriyanın Karintiya federal dövlətinin Nikolay Feodorov beynəlxalq musiqi mükafatının və Münhen şəhərinin musiqi təqaüdünün laureatıdır. O, demək olar ki, bütün janrlarda 500-dən çox musiqi əsərinin müəllifidir. Musiqi yaradıcılığı ilə yanaşı, bəstəkar qrafika, fotoqrafiya, video, multimedia və poeziya sənəti sahələrində də fəaliyyət göstərir.

Vəfa Bağırzadə

Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri

 

Избранный
9
xalqqazeti.az

1Источники