RU

Uğurlu, yoxsa xoşbəxt qadın? -

Qadınlar dünyanın işığını, istiliyini və gözəlliyini yaradan ilahi varlıqlardır. Bir qadın təkcə bir ailənin yox, bütöv bir cəmiyyətin təməlidir. Sevginin, şəfqətin, fədakarlığın rəmzi olan qadın gücünü zərifliyindən, iradəsini sevgisindən alır. Tarix boyu Azərbaycan qadını ağlı, istedadı, sədaqəti, fədakarlığı ilə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Azərbaycan qadını həm ailədə, həm elm, həm səhiyyə, həm də digər sahələrdə də böyük uğurlar qazanaraq gələcək nəsillərin formalaşmasına əsas təsir edən mexanizmi formalaşdırıb. Qadınların peşəkar inkişafı müasir dövrdə əvvəlki illərlə müqayisədə daha geniş imkanlar qazansa da, hələ də bir çox çətinliklər mövcuddur. Qadınların sahibkarlıq sahəsində uğur qazanması üçün əlavə motivasiya və dəstəyə ehtiyacları olur. Müasir dünyada qadınlar müxtəlif sahələrdə güclü rəqabət aparır, bəzən kişilərlə, bəzən isə bir-biri ilə yarışırlar. Rəqabət qadınların özlərini inkişaf etdirməsinə, liderlik bacarıqlarını artırmasına və peşəkar uğurlar qazanmasına kömək edir. Amma bu prosesin həm müsbət, həm də mənfi tərəfləri var. “Unibank”ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Sülhiyyə Şirinova düşünür ki, rəqabət insanlar, mütəxəssislər arasında gedir və daha çox vəziyyətə, şəraitə və şəxsi bacarılara bağlı bir anlayışdır. Metbuat.az-a açıqlamasında Sülhiyyə Şirinova bildirib ki, o iş sferasında rəqibin cinslərə ayrılmasının tərəfdarı deyil: “Sağlam rəqabət inkişafı sürətləndirir. İndiki dövrdə yumşaq bacarıqların sərt bacarıqlardan daha vacib siyahıya keçdiyi bir vaxtda düşünürəm ki, qadınların bir addım öndə olmaq ehtimalı çox ola bilər. Çünki empatiya, yumşaq münasibət qurmaq, danışıqlar aparmaq, yaradıcı yanaşma, səbirli davranış qadınlar üçün daha çox xarakterikdir”. Uzun illər PR sahəsində fəaliyyət göstərən Sülhiyyə xanım hesab edir ki, televiziya jurnalistikasının qazandırdığı stressədavamlılıq da təbii böhran kommunikasiyası zamanı çox lazımlı olur: “Bilirsiniz, PR fəaliyyətin böyük bir hissəsi media üzərində qurulur. Burada jurnalistləri tanımaq, onlarla şəxsi münasibət qurmaq, jurnalistikanın yaratdığı doğmalıq, xəbər hazırlamaq, mətbuat konfransı təcrübəsi və medianın sənə qazandırdığı digər bilik və bacarıqlar PR fəaliyyəti üçün yaxşı bünövrədir. Bu baxımdan düşünürəm ki, jurnalistikadan PR-a gəlmək yeni peşəni daha rahat mənimsəməyə imkan verir”. İstənilən sahədə uğur qazanmaq üçün məqsəd mütləqdir. Məqsəd insana istiqamət verir, motivasiya yaradır və onun peşəkar inkişafını təmin edir. Sülhiyyə Şirinova da bu fikirlərlə razıdır. O düşünür ki, kimliyindən asılı olmayaraq, hər kəsin məqsədinə doğru getdiyi yolda ilk diqqət etməli olduğu şey onun dəyərləridir: “İstənilən məqsəd səni öz dəyərlərindən yayındırmamalıdır. Dəyərlərinə sadiq qalmaq insanın öz şəxsiyyətinə hörmətidir. Təbii ki bu yolda kiminsə bizim dəyərlərimizə hörmətsizlik etməməsi üçün şəxsi sərhədlərimizi də müəyyənləşdirməliyik. Əvvəllər biz məqsəd qoyanda bəzən onun nə dərəcədə real olduğunu düşünmürdük. Son illərdə həyatımıza daxil olan, tez-tez eşitdiyimiz bir ifadə var- SMART hədəflər. Yəni çatıla bilən, ölçülə bilən, bacarıqlarımıza, imkanlarımıza uyğun hədəflər seçməliyik. Zamanın çox sürətlə keçdiyi bir vaxtda ömrümün çox vacib aylarını, illərini Don Kixot kimi Yel dəyirmanı ilə vuruşmağa həsr etməməliyik. Sağlamlığımıza diqqət etməyimiz və istənilən vaxtda dəyişən şərtlərə uyğunlaşmağımız da hədəfə çatmağımız üçün vacib amillərdəndir”. Müasir dövrdə qadınlar sahibkarlıq sahəsində böyük uğurlar qazansalar da, hələ də kişilərlə müqayisədə bir çox çətinliklərlə qarşılaşırlar. Bu çətinliklər həm cəmiyyətin mövcud stereotiplərindən, həm də iqtisadi və hüquqi maneələrdən qaynaqlana bilər. "Umano.az" şirkətinin qurucusu Şövkət Əlizadə Metbuat.az-a bu sahədə mövcud qayğılarından danışıb. Xanım sahibkar bildirib ki, qadın sahibkar olmaq həm çətin, həm də çox dəyərli bir təcrübədir: “Əsas çətinliklərdən biri biznes mühitində stereotiplərlə qarşılaşmaqdır. İnvestorlar, tərəfdaşlar və hətta müştərilər bəzən qadın sahibkarların potensialını tam dəyərləndirməyə bilər. Amma digər tərəfdən, qadın sahibkarlar innovativ həllər yaratmaqda, empatiya və komanda qurmaqda çox güclüdürlər. Umano.az-ın qurucusu kimi keçdiyim bu təcrübə yoluna əsasən deyə bilərəm ki, qadın sahibkarlar cəmiyyətə dəyər qatır və yeni fürsətlər yaradır. Çətinliklər var, amma hər bir maneə yeni bir uğurun başlanğıcıdır. Ümumiyyətlə, öz işini quranda sərhədləri müəyyənləşdirmək çətin olur. Bu balansı tam qorumaq hər zaman mümkün olmur, çünki biznes qurucusu kimi iş yalnız saatlarla məhdudlaşmır – daim yeni ideyalar, problemlər və qərarlar var. Amma zamanla öyrənirsən ki, özünü yormadan daha səmərəli işləmək və şəxsi həyata da yer ayırmaq vacibdir. Prioritetləri düzgün müəyyənləşdirmək, vaxtı effektiv idarə etmək və lazım olduqda “yox” deməyi bacarmaq balans yaratmağa kömək edir. Mükəmməl bir balans olmasa da, hər iki sahədə irəliləmək üçün dinamik bir harmoniya yaratmaq mümkündür”. Qadınlar həm kənd, həm də şəhər mühitində müxtəlif çətinliklərlə üzləşirlər. Lakin bu çətinliklər onların yaşadıqları yerə görə fərqlənə bilər. Şəhər qadınları daha çox karyera, iş və sosial təzyiqlərlə mübarizə aparmalı olduqları halda, kənd qadınları əsasən iqtisadi, təhsil və infrastruktur problemləri ilə qarşılaşırlar. Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Metbuat.az-a bu sahədə uzun illər ərzində görülən işlər barədə danışıb. Gülbəniz xanım qeyd edib ki, atılan addımlar böyük olsa da, mövcud problemlərin həllinə biganə yanaşanlar var: “güclü qadın bir çox sahələrə töhfə verə bilər” -
“Biz aqrar sahədə kollektiv qadın bizneslərinin yaranması və aqrar sahibkarlıqla bağlı qadınların təşkilatlanması baxımından bir çox təşəbbüslər etdik. Ölkədə "Qadın Özünə-kömək Qrupu" modelini tətbiq etməklə 2019-cu ildən indiyə qədər 50 Qadın İnkişaf və Müəssisə Qrupu və 12 Qadın Kooperativinin yaranmasına nail olduq, amma bu çox azdır. Fermer qadınların regionların inkişafına olan töhfəsini artırmaq və onu dayanıqlı etmək üçün onların sosiallaşması, bacarıqlarının artırılması, cəmiyyətə inteqrasiyası və resurslara çıxışının asanlaşması üçün milli inkişaf proqramı hazırlanmalıdır. Biz ölkədə Qadın Qruplarının milli şəbəkəsini yaratmışıq, bu Fermer Qadınların Respublika Platformasının yaradılması üçün atılan ilk addımdır, amma platformanın yaradılması və onun özəl sektor və hökümət orqanları tərəfindən tanınması hələ də öz həllini tapmayıb”. Qadın üçün ən böyük uğur heç kimə ehtiyac duymadan öz ayaqları üzərində durmağı bacarmaqdır. Bu, yalnız maddi müstəqillik demək deyil, həm də özünə inam, şəxsi inkişaf və cəmiyyətə töhfə vermək deməkdir. Danılmaz faktdır ki, təhsilli qadın çətinliklərə qarşı daha güclü, müstəqil qərar verən və innovativ düşünən fərd olur. Elə bu mövzuda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədris işləri üzrə dekan müavini Hicran Babayeva Metbuat.az-a deyib ki, qadınların təhsil sahəsində qazandıqları uğurlar təkcə onların öz inkişafı üçün deyil, bütövlükdə cəmiyyətin tərəqqisi üçün də mühüm əhəmiyyət daşıyır:“Qadın üçün ən böyük uğur, heç kimə ehtiyac duymadan öz ayaqları üstündə durmağı bacarmaqdır. Təhsilli və yalnız özünə güvənən qadın, övladını da daha yaxşı yetişdirə bilər. Bu da nəticə etibarilə cəmiyyətin inkişafına və mədəniyyətinin formalaşmasına böyük təsir göstərir. Sağlam düşüncəli qadın – sağlam düşüncəli övlad və sağlam cəmiyyət deməkdir. Təhsil sahəsində qadın və ya kişi arasında ayrı-seçkilik yaratmaq düzgün yanaşma deyil... Keyfiyyət cinsiyyətdən deyil, mənəvi dəyərlərdən və şəxsi keyfiyyətlərdən asılıdır. İşinin məsuliyyətini dərk edən, ona ciddi yanaşan və daim öz üzərində çalışan hər kəs, istənilən sahədə keyfiyyətin yüksəlməsinə töhfə verə bilər. Burada qadın və ya kişi fərqi yoxdur – əsas olan peşəkarlıq və inkişafdır”. Bəzi qadınlar ailəni əsas prioritet hesab edir, digərləri isə karyeranı ön plana çəkir. Bəzi qadınlar isə hər ikisini balanslaşdırmağa çalışır. Başkent Restoranlar Şəbəkəsinin direktoru Mətanət Mədinəli düşünür ki, uğur qazanmaq heç bir şeyi qurban verməyi tələb etmir: “Mən öz həyatıma baxanda görürəm ki, işlərimi öncədən düzgün planlamışam və məhz bu səbəbdən bütün fəaliyyətlərimi uğurla həyata keçirməyi bacarmışam. Bəzən insanlar müəyyən nailiyyətlərin fədakarlıq tələb etdiyini düşünürlər, amma mən buna inanmıram. Əsas məsələ fərqli düşünmək, strateji yanaşmaq və hər şeyi düzgün analiz etməkdir. Həyatda uğur qazanmaq üçün bunlar kifayətdir”. Dəyərlər insanın kim olduğunu müəyyən edən prinsiplərdir və qadınların onları qoruması və inkişaf etdirməsi iş və sosial həyatında ailə dəyərlərini qoruyaraq balans yaratması vacibdir. Uzun illər həm dövlət, həm də özəl sahədə uğurlu fəaliyyət göstərən marketinq və satış rəhbəri Natavan Seyidzadə hesab edir ki, hər bir qadın ən çıxılmaz vəziyyətlərdə belə dəyərini üstün tutmağı bacarmalıdır: “Düşünürəm ki, Azərbaycan qadını daim özlərini inkişaf etdirməli və fərdi inkişaflarını prioritet hesab etməlidir. Ən vacib amillərdən biri də ətraflarında olan insanlardır. Qadınlar, həyatlarında düzgün insanları seçməli, uğur qazanan şəxslərdən hər zaman nələrisə öyrənməyə çalışmalıdırlar. Peşəkar olmaq isə insanın özünü gələcəkdə harada görməsindən asılıdır. Eyni zamanda, həm karyeranı, həm də ailəni nəzarətdə saxlamaq qadın üçün əsas amillərdən biridir. Həyatda balansı qorumaq, hər iki sahədə uğur qazanmaq üçün planlı və məqsədyönlü şəkildə irəliləmək vacibdir”.Hansı sahədə çalışmasından, hansı zirvələri fəth etməsindən asılı olmayaraq qadın kimi fəaliyyət göstərmək bəzən gücün sınağa çəkildiyi, dözümlülüyün ölçüldüyü bir yol olur. Bu yol bəzən səssiz mübarizələrlə, görünməz maneələrlə dolu olur. Amma qadınlar hər zaman bu maneələri aşmağı, dünyaya öz izlərini qoymağı bacarıblar. Onlar yalnız çalışdıqları sahədə deyil, həyatın özündə də bir qüvvədirlər – yaradandırlar, ilham verəndirlər, sevgi və işıq saçandırlar.Bu gün – 8 Mart yalnız bir bayram deyil, qadınların gücünü, əzmini, sevgisini və fədakarlığını anmaq günüdür. Metbuat.az kollektivi olaraq Azərbaycan qadınlarını əlamətdar gündə ürəkdən təbrik edir, yollarının həmişə aydın, günəşli və sevgiylə dolu olmasını arzulayır!

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
29
metbuat.az

1Источники