RU

Müstəqillik dövrünün ilk Olimpiya çempionu

İdman tariximizə bu şərəfli səhifəni qadın “döyüşçü”müz yazıb

Azərbaycan qadınları həyatın bütün sahələrində, eləcə də idmanda öz sözlərini deyiblər. Böyük qürur və fəxr hissi ilə vurğulayaq ki, müstəqil Azərbaycanın ilk Olimpiya çempionu kimi, məhz qadın idmançımız Zemfira Meftahətdinova tarixə düşüb. O, 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Afina Olimpiadasında isə bürünc medal alıb. Beşqat Avropa, ikiqat Dünya çempionudur. Dəfələrlə Avropa və Dünya çempionatlarının mükafatlarını qazanıb. O, bu nəticələri ilə Azərbaycanda idmanın inkişafına böyük töhfə verib. Azərbaycan atıcılıq məktəbinin yetirməsi bu nailiyyəti ilə qızlarımıza əsl nümunədir.

Heç bir çətinlikdən çəkinməyən, bütün maneələri keçməyi bacararaq zirvəyə ucalan xanım idmançılarımızın bəziləri ilə görüşüb, fikirlərini qələmə aldıq.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova həmişəki kimi, yenə də səmimi fikirləri ilə diqqət çəkdi:

– Müstəqil Azərbaycanda yaşayıb, yaratmaq çox gözəldir. Qızları, qadınları idmana dəvət edirik. İndi Bakıda, respublikamızın demək olar ki, bütün şəhər və rayonlarında idmanla məşğul olmaq üçün gözəl infrastruktur qurulub. Həyat özü bir mübarizədir. İdman bu mübarizədən qalib çıxmaq üçün çox gözəl vasitədir. Qızlarımız özlərinə inansınlar. İdman onlara ən çətin yolları belə keçməkdə yardımçı olacaq. Hətta idmançı olmasalar belə, sağlam olacaqlar. Onlarda özlərinə inam yaranacaq.

Xoşbəxt o qadındır ki...

Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova ilə güllə atıcılığı üzrə Avropa çempionatı ərəfəsində görüşdük. Millinin baş məşqçisi qitə çempionatında iştirak etmək üçün komanda ilə Xorvatiayaya yollandıqlarını dedi:

– Böyüklər arasında yarış martın 13-dək davam edəcək. Komandamızın üzvləri 10 metr məsafəyə pnevmatik tüfəng və tapançadan atış açma yarışlarında güclərini sınayacaqlar. Hazırlıq yaxşı keçib. Çalışacağıq ki, Azərbaycanı qitə çempionatında layiqincə təmsil edək. Komandamızın hər bir üzvü üzərinə düşən vəzifənin məsuliyyətini bilir.

İradə xanım qadınların bayramı ilə bağlı isə bunları vurğuladı:

– Qadınlarımız, qızlarımız üçün bu bayram həm də, sanki, hesabatdır. Xoşbəxt o qadındır ki, həm cəmiyyətdə, həm də ailədə hörməti var. Xoşbəxtliyin açarı isə öz əlimizdədir. Nəciblik, mehribanlıq, mərhəmətlilik qadınlarımıza xas ən gözəl xüsusiyyətlərdir. Ən əsası isə mübarizlik və möhkəm olmaqdır.

Qadın cüdosunun tanınmış siması

Kifayət Qasımova Azərbaycanda qadın cüdosunun tanınmış simalarındandır. 1982-ci ildə Kəlbəcərdə anadan olub. İdmanda ilk ən böyük uğurunu 20 yaşlı qızlar arasında qazanıb. 1999-cu ildə Avropa çempionu olub. Gənclər arasında dəfələrlə Dünya və Avropa çempionatlarının mükafatçısı adını qazanıb. 2004-cü ildə 23 yaşlı qızlar arasında qitə çempionu adına sahib olub. 2006-cı ildən 2009-ilədək ardıcıl qadınlar arasında qitə çempionatının gümüş və bürünc medallarını qazanıb. 2009-cu ildə Dünya çempionatının bürünc medalına layiq görülüb. Hazırda qızlar üçün cüdo klubunun rəhbəridir.

8 Mart onun üçün əziz bayramlardan biridir:

– Qızları heç vaxt zəif kimi görmürəm. Bəlkə elə ona görə də, özümü döyüş növündə tapdım. Hazırda yetirmələrim arasında gücü, potensialı ilə fərqlənən qızlar çoxdur. Ən böyük arzum onları Olimpiya çempionu kimi yetişdirməkdir.

Dəmir biləkli MMA ustası

Gənc nəsil idmançılar arasında da dəmir biləkli, polad iradəli qadın döyüşçülərimiz yetişir. Onlardan biri – Zümrüd Quliyeva MMA ilə məşğul olur. 18 yaşlı qız gələcəkdə bu idman növü üzrə daha ciddi nailiyyətlər qazanmaq arzusundadır:

– Əvvəl karate ilə məşğul olmuşam. Karateyə nisbətən MMA-da zərbələr daha sərtdir. Bəlkə də, elə buna görədir ki, bu idman növü daha çox ürəyimcə oldu. Qızlar arasında döyüş idman növləri üzrə rəqabət azdır. Rəqabət olmayan yerdə inkişafdan danışmaq çətindir. Arzum budur ki, qızlarımız da oğlanlar kimi, güc idman növləri ilə məşğul olub, özlərini inkişaf etdirsinlər.

Leyla QURBANOVA
XQ

Избранный
44
xalqqazeti.az

1Источники