"Hər şey əla alındı".
İdman.biz xəbər verir ki, bu sözləri Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda halqalarla hərəkətlərdə qalib olan Azərbaycan gimnastı Nikita Simonov haqqin.az-a deyib.
Yeni olimpiya dövrünün başladığını, yeni qaydaların tətbiq olunduğunu vurğulayan idmançı fikrinə belə davam edib: "Bu il ilk yarışım Almaniyanın Kottbus şəhərində oldu. Orada 2-ci yeri tutdum. Birinci də ola bilərdim, amma kiçik səhvə yol verdim. Bakıda isə səhvsiz çıxış etdim. Çox şadam. Bu, yaxşı hissdir, amma biz halqalarla çıxış edən gimnastlar mükəmməllik tərəfdarıyıq. Hər işin ideal olmasını istəyirik (gülür)".
Simonov Dünya kubokunun növbəti mərhələsinin iki həftədən sonra Antalyada keçiriləcəyini də xatırladıb: "Orada daha da gərgin rəqabət gözlənilir. Mayın sonunda Almaniyanın Leypsiq şəhərində keçiriləcək Avropa çempionatına və oktyabrda İndoneziyada keçiriləcək dünya çempionatına qədər bəzi düzəlişlər, yeni kombinasiyalar var ki, onları sınaqdan keçirmək lazımdır. Bunlar cari ilin ən vacib yarışlarıdır".
Qalib gimnastımız Dünya kuboklarında qalib gəlməyin vacibliyini də bildirib: "Xatırlayırsınızsa, Paris Olimpiadasından əvvəl Yay Oyunlarına seçim həmçinin Dünya kubokları vasitəsilə də aparılırdı. Olimpiadaya getməyə də çox yaxın idim. Elə alındı ki, məhz Bakıda uğursuz çıxış etdim. Bu da son nəticədə həlledici rol oynadı. Seçim sistemi dəyişməsə, Dünya kubokları yenidən Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün vacib olacaq".
Simonov Paris-2024 ilə bağlı son dərəcə məyusedici uğursuzluqdan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadada iştirak etmək niyyətində olduğunu deyir: "Mənim tamamlanmamış Olimpiya arzum var (gülür). Çox çalışıram və həqiqətən də Oyunlara gedəcəyimə ümid edirəm. Olimpiada məni çox motivasiya edir. Hər bir idmançı, o cümlədən mənim üçün ən yüksək səviyyə Olimpiya qızılıdır. Bunun üçün də hər şeyi edirəm”.
İdman.biz