RU

Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?


Novella Cəfəroğlu: “Biz boşanmaların əsl səbəblərini araşdırmalıyıq”


Deputat Razi Nurullayevin Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Bu gün boşanmaların artmasının səbəbi qadınların sərbəst qalmaq və aliment almaq istəklərinin olmasıdır” deməsi geniş müzakirəyə yol açdı. Deputat qeyd edib ki, ona müraciətlərin 10/8-də boşanmaq istəyən qadınlar olur: “Onlar deyir ki, mən boşanaraq aliment almalıyam. Düşünürəm ki, aliment fondu yaradılmalıdır və bundan sui-istifadə edənlər qanunvericiliklə cəzalandırılmalıdır”. Bu fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Deputatın sözlərini tənqid edənlər bildiriblər ki, boşanma səbəbləri daha mürəkkəb və çoxşaxəlidir, yalnız qadınların qərarlarına bağlamaq doğru deyil. Onlar qadınların boşanma qərarının arxasında psixoloji, iqtisadi və sosial faktorların dayandığını vurğulayıblar.

Digər tərəfdən, bəzi insanlar deputatın mövqeyinə haqq qazandıraraq, boşanma hallarının artmasının müəyyən sosial problemlər yaratdığını bildiriblər. Onlar hesab edirlər ki, ailə institutunun qorunması üçün bu məsələlər diqqətlə araşdırılmalı və müvafiq addımlar atılmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva deyib ki, son illərdə nikahın pozulması iddiası ilə məhkəməyə müraciət edənlərin 70 faizindən çoxu xasiyyətlərinin uyğun olmamasını əsas gətiriblər. Səmra Əliyeva qeyd edib ki, boşanmalara daha çox qadınların səbəb olması fikri isə həqiqəti əks etdirmir:

Məsələ ilə bağlı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb:

“Son vaxtlar Milli Məclisdə qadınlar haqqında neqativ fikirlər səsləndirilir. Biz çox istərdik ki, bu məsələlərə bir az daha həssas yanaşılsın və geniş araşdırmalar aparılsın. Bizim təşkilat 30 ildir fəaliyyət göstərir, bu illər ərzində minlərlə qadın bizə müraciət edib. Onların çoxu aliment ala bilməyən və uşağını görə bilməyən qadınlardır. Təsəvvür edin, bəzi kişilər aliment ödəməmək üçün məhkəməyə müraciət edir və bildirir ki, qadının işi, evi, yaşayış şəraiti yoxdur, ona görə də uşaqlar onun yanında qala bilməz. Nəticədə uşaqlar anadan alınır. Bu hallar getdikcə artır. Milli Məclisdə müzakirələr aparılacaqsa, əsas sual bu olmalıdır: Qadınlar niyə boşanmağa məcbur qalır?

Həqiqətənmi bir qadın yaxşı həyatını, ailəsini qoyub yalnız aliment almaq üçün boşanır? Qadınlar zorakılığa məruz qaldıqları üçün, ailədaxili problemlər səbəbilə boşanır, alimentə görə yox! Bəzən deyirlər ki, “qadınlar alimentə görə boşanır”. Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?

Hazırda aliment 235 manatdır. Yəni düşünürlər ki, 235 manata görə qadınlarımız həyatlarını puç edib, ailələrini dağıdırlar? Üstəlik, kişilər indi aliment ödəyə bilirlər? Nə qədər kişi hazırda aliment ödəmədiyinə görə axtarışdadır və ya inzibati qaydada həbs olunub, cinayət məsuliyyətinə cəlb edilib. Beləliklə, biz bu məsələlərə ciddi yanaşmalı, boşanmaların əsl səbəblərini araşdırmalıyıq".

Sosioloq Üzeyir Əfəndiyev isə “Yeni Müsavat”a açıqlamasında bunları deyib: “Hesab etmirəm ki, qadınlar məhz aliment almaq üçün boşanırlar. Bu, əsas səbəb deyil. Fikrimcə, bu, boşanmalara çox kiçik yanaşmadır. Boşanmaların daha dərin və ciddi səbəbləri var. Bunlardan biri odur ki, Azərbaycan cəmiyyəti düşüncə transformasiyası yaşayır, xüsusilə də qadınlar.

Məlum olduğu kimi, ənənəvi cəmiyyətlərdə qadınlar həmişə ictimai nəzarət altında olduqlarına görə boşanma ailə dramı, ailə faciəsi kimi qiymətləndirilirdi. Nəticədə, cəmiyyət tərəfindən həm qadınların, həm də kişilərin boşanmasına mənfi münasibət sərgilənirdi. Lakin düşüncə tərzi dəyişməyə başlayandan, qlobal dünyaya açılım baş verəndən sonra Azərbaycan insanı anladı ki, boşanma heç də ailə faciəsi deyil.

Bu baxımdan, artıq qadınlar köhnə qaydalarla yaşamaq istəmirlər və kişilər də onları əvvəlki kimi idarə edə bilmirlər. Qadınlar daha çox şəxsi azadlıqlarına və öz istəklərinə önəm verirlər. Bəzən bir-iki uşaq dünyaya gətirdikdən sonra rahatlıqla boşanmağa qərar verirlər və həyatlarını müstəqil şəkildə davam etdirmək istəyirlər.

Bunun başqa bir səbəbi də var. Əvvəllər qadınlar əsasən iqtisadi cəhətdən asılı idilər və evdar qadın obrazında çıxış edirdilər. Bu gün isə qadınlar iqtisadi cəhətdən fəaldırlar, öz ayaqları üstündə dura bilirlər. Onlar düşünürlər ki, köhnə fikirli, stereotip düşüncəli kişilərin kaprizlərinə dözmək məcburiyyətində deyillər. Nəticədə, bir-iki uşaq olduqdan sonra ayrılaraq öz həyatlarına davam edirlər, çünki artıq özlərini təmin etmək imkanına sahibdirlər.

Amma aliment məbləği elə bir rəqəm deyil ki, qadınlar ona görə boşansınlar."


Избранный
10
nuh.az

1Источники