"Real Madrid"in mərkəzi müdafiəçisi Raul Asensio agenti ilə danışaraq gələcək planlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Asensio bu mövsüm "Real Madrid" üçün əsl kəşf olub. Müdafiəçi Eder Militao, David Alaba və Antonio Rüdigerin zədələnməsindən sonra baş məşqçi Karlo Ançelottinin ona etibar etməsi ilə gözlədiyindən daha çox oyun vaxtı qazanıb. O, 2024-cü ilin noyabrında La Liqada debüt etdikdən sonra mükəmməl çıxışı ilə diqqət çəkib. Bu mövsüm La Liqada 13, Çempionlar Liqasında isə 7 oyun keçirən futbolçu, həmçinin iki məhsuldar ötürmə ilə yadda qalıb.
Məlumata görə, "Arsenal" və PSJ Asensio ilə maraqlanır. Fevral ayında Ançelotti futbolçunun "hamı üçün sürpriz" olduğunu bildirmişdi. Bundan əlavə, "İnter Milan" və "Bayer Leverkusen" də gənc oyunçunu heyətinə qatmaq istəyir.
Lakin Asensio gələcəyi ilə bağlı qərarını artıq verib. O, agentləri ilə əlaqə saxlayaraq, "Arsenal" və "PSJ" kimi klubların marağına baxmayaraq, "Real Madrid"də uzun müddət qalmaq istədiyini bildirib. Futbolçu agentinə belə deyib:
“Karyeramın sonuna qədər "Real Madrid"də oynamaq istəyirəm”.
Gənc müdafiəçi yüksək maaş qazanmağı arzulasa da, hazırda onun əsas prioriteti peşəkar olaraq inkişaf etmək və uğurlu karyeraya sahib olmaqdır. O, Ançelottidən mütləq əsas heyət oyunçusu olmağı tələb etməyəcək, lakin komandada önəmli rol oynamaq istəyir.