XXI əsrin 25-ci ilinin reallıqları hər gün özünü bizlərə daha çox diktə etdirir. Artıq müəyyən məsələlər var ki, orada bizlər deyil, dövrün çağdaş inkişaf modeli, sürətlə irəliləyən informasiya texnologiyaları və işıq tezliyi ilə hərəkət edən süni intellekt qərar verir. Artıq dünya özünün yeni inkişaf modelinin astanasını çoxdan geridə qoyub, süni intellekt, ümumdünya şəbəkə toru bütün proseslərə nəzarəti həyata keçirməkdədir. Bu, bir məkana, bir mühitə yox, bütün dünyaya, bir işə, bir sahəyə yox, bütün sahələrə sirayət edib. Artıq bundan qurtulmaq mümkün deyil. Həm də heç deyil.Təbii ki, dövrün inkişaf senzini özündə əks etdirməli olan bir nömrəli aqreqat-təhsil də bu dəyişiklikdən keçməyə bilməzdi. Artıq təhsili də informasiya texnologiyaları idarə etməyə başlayıb və bu artıq sadə qanunauyğunluğa çevrilib. Bugün ABŞ başda olmaqla, bir çox ölkələrdə İT-yə söykənən məsafədən təhsil -distant tədris forması sürətlə yayılır. Bizdə isə pandemiya zamanı yararlandığımız distant tədris peşəkar distant tədris forması müstəvisi deyil, onun alətlərindən məcburi istifadə mexanizmi idi. Düny ölkələrinin təcrübəsində distant təhsilə yanaşmalara bir neçə nümunəni qeyd edək: Böyük Britaniya – Distant təhsili ilk tətbiq edən ölkədir. XX əsrin 60-cı illərinin sonlarında Böyük Britaniyada distant təhsilin imkanları dövləti maraqlandırmağa başlayır və bu layihənin reallaşması üçün konkret addımlar atılır. Yeni tədris planları, tədris-metodiki vəsaitlər və texnologiyalar hazırlanır. Açıq Universitet (Open University) layihəsini kraliça təsis etsə də, onun icrasına nəzarət baş nazir Harold Uilsona tapşırılır. Universitetin rektoru cəmiyyət palatasının spikeri təyin edilir. Açıq Universitet fəaliyyətinin ilk illərində Böyük Britaniya vətəndaşı olan və oxumaq istəyən hər kəsi tələbə kimi qəbul edir. Hətta bakalavr proqramına orta məktəbi bitirmək haqqında rəsmi sənədi olmayanlar da qəbul edilir. Dövlət universiteti olduğuna görə bura müraciət edənlərin sayı ilbəil artır. Dərslər distant şəkildə təşkil edilir, sənədləşmə işləri isə poçt vasitəsi ilə aparılırdı. Baş nazir Harold Uilson dərslərin televiziya və radio vasitəsi ilə ötürülməsini nəzərə alıb universitetin “Efir universiteti” adlandırılmasını təklif etsə də “Açıq Universitet” adlandırılması onun konturlarını daha geniş çəkməyə imkan verir. Fəaliyyətinin ilk illərində yalnız öz vətəndaşlarını qəbul edən universitet sonrakı illərdə xarici vətəndaşların qəbulunu da həyata keçirməyə başlayır. Açıq Universitet bir çox ölkələrdə təhsili qeyri-ənənəvi yolla həyata keçirən layihələr reallaşdırmağa təkan verir. Tələbə əldə etmək uğrunda aparılan mübarizə universitetlərin də bu sahədə inkişafına səbəb olur. Əbəs deyil ki, Harold Uilson sonralar yazırdı ki, Açıq Universitetin yaradılması “siyasi akt” idi. Hazırda bu universitet distant təhsil həyata keçirən universitetlər arasında liderliyini davam etdirir. Hər il bu universitetin qəbul planı 200 min tələbəni keçir. Hazırda Avropada tanınmış distant təhsil mərkəzlərindən sayılan İspaniya Milli Distant Təhsil Universiteti də (UNED) ölkə daxilində 60, ölkə xaricində 9 filialı birləşdirir. Çin - 1979-cu ildə burada ilk dəfə olaraq distant təhsil verən Milli Televiziya və Radio Şəbəkəsi yaradılır. Bu hadisə distant təhsilin dünyanın bütün qitələrində fərqli dövlətlərin fərqli yanaşması kimi qəbul edilsə də, məqsəd bir idi- açıq təhsil imkanlarını genişləndirmək və bunu əhalinin bütün təbəqələri üçün əlçatan etmək. Beləliklə, XX əsrin ortalarında distant təhsilin imkanları televiziya, radio, poçt vasitəsilə həyata keçirilən audio və video materialları əhatə edir.ABŞ-1989-cu ildə ABŞ-da ətrafında 1500 kollec və telekompaniyanı birləşdirən ictimai televiziya yaradılır (PBS TV). Bu telekanal tədris proqramlarını birləşdirən təhsil kanalı kimi fəaliyyət göstərir. Belə verilişlər içərisində elmin müxtəlif sahələri, biznes və idarəetmə üzrə maraqları əhatə edən (Adalt Learning Service) proqramlar mühüm yer tutur. Distant təhsil sahəsində tanınmış universitetlər içərisində Pensilvaniya Univetsitetini də misal göstərmək olar. Bu universitetin təcrübəsi YUNESKO tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə edilir. Türkiyə - Distant təhsil formasının tətbiq edildiyi və bu sahədə böyük təcrübə toplamış ölkələrdən biri də qardaş Türkiyə Cümhuriyyətidir. Türkiyənin Anadolu Universitetində 1982-ci ildən məsafəli təhsil sistemi tətbiq olunur. Anadolu Universiteti hazırda 1,5 milyon tələbəyə distant təhsil verən dünyanın 3-cü meqauniversiteti hesab edilir. XX əsrin sonlarında internetin təhsil sahəsində tətbiqi distant təhsilin inkişafına və yeni üfüqlərin açılmasına rəvac verir. 1997-ci ildə yaradılan Kaliforniya Virtual Universiteti (California Virtual University), daha sonra 1999-cu ildə ABŞ-da fəaliyyətə başlayan ilk dövlət akkreditasiyalı distant təhsil universiteti- Jones Beynəlxalq Universitetinin (Jones İnternational University) saytında 700 onlayn kursun kataloqu yerləşdirilir. Rusiyada distant təhsil daha çox əcnəbi tələbələr üçün nəzərə tutulub. Xüsusən də ali təhsil almaq üçün Rusiya universitetlərini seçən əcnəbilər müəyyən müddət ərzində distant formada rus dilini öyrənə bilərlər. Bəs, bizdə distant tədrisin inkişafına mane olan nüanslar nələrdir? Əvvəlcə onu qeyd edək ki, orta ümumtəhsil müəssisələrində distant təhsil formasının nəzəri-metodoloji bazasını formalaşdıran əsas meyarlar təəssüf ki, məcburi şəkildə təşkil olunan məsafədən tədrisdə özünü tam realizə edə bilməyib. İnternet imkanlarının da məkandan asılı olaraq, bəzən yararlı səviyyədə olmaması distant təhsil elementlərinin tətbiqinə mane olub. Texniki imkanlarla yanaşı, distant təhsilin tətbiqi zamanı rast gəlinən əsas çatışmazlıqlar: 1.Bu təhsil forması bizdə hüquqi əsası olmadığı üçün nəzəri-metodiki cəhətdən işlənməmiş və hər hansı proqrama əsaslanmayıb; 2.Distant təhsilin təşkili zamanı biliklərin qiymətləndirilməsi metodları müəyyənləşdirilməyib. Bu da öz növbəsində müəllimlərə qiymətləndirmə zamanı xeyli çətinliklər yaşatmış, həmçinin, prosesin şəffaflığı bir qisim valideynlər tərəfindən şübhə ilə qarşılanıb; 3.Distant təhsilin tədrisi zamanı müəllim və şagirdlər üçün situasiyaya uyğun olaraq psixoloji hazırlıq, onlayn pedaqoji prosesin təşkilinin düzgün idarəedilməsi və etik-davranış kodeksləri hazırlanıb. Bugün distant tədrisin tətbiqindən, daha doğrusu, onun mümkün variantlarından danışırıqsa, öncə yuxarıdakı punktlardakı boşluqları müəyyən edib, onların aradan qaldırılması yollarını həll etmək lazımdır. Elmin NuriTəhsil məsələləri üzrə tədqiqatçı
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта