RU

Arıqlamaq istəyənlər oxusun: Bu üsul sizi öldürə bilər!

Ötən gün arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakininin qəfil vəfatı bəzi insanlarda narahatlıq doğurub. Belə ki, rayon sakini olan Seymur Səmədovun bir aydır zəncəfilli qatıqdan istifadə etdiyi və 36 kq çəki itirdiyi bildirilib. İlkin məlumata görə, bu, onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.

Bu cür üsullarla çəki atmaq mümkündürmü? Hansı fəsadları var?

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan diyetoloq Ləman Süleymanova deyib ki, arıqladıcı dərmanlar, kokteyllər, yalançı mütəxəssislərin uydurduğu marafonlar və ya xalq təbabəti üsullarından istifadə etmək tövsiyə edilmir:

“Piylənmə müasir dövrün qlobal problemlərindən biridir. Hətta normadan 3-4 kiloqram çəki artıq olanda belə bu, orqanizmin işarəsi deməkdir. Düzgün həyat tərzinin olmaması, çox kalorili qidalar qəbul edib az enerji sərf etmək, fiziki aktivliyin zəif olması, hormonal problemlər, sinir sistemi xəstəlikləri və sair amillər piylənməyə səbəb olur. Təbii ki, bunlar hamısı mütəxəssislə birlikdə araşdırılmalıdır. Təəssüf ki, sosial şəbəkələrdə heç bir tibbi sertifikatı olmayan şəxslər özlərinə “həkim” adı altında hesab yaradırlar. İnsanları pəhriz marafonuna cəlb edirlər. Bəziləri arıqladıcı dərmanlar, kokteyllər satırlar. Hətta anlayışı olmayanlar televiziyalara dəvət edilirlər. Bu, yolverilməzdir və son qoymaq lazımdır. Heç bir tibbi savadı olmayanların məsləhət verməsi, insanları aldatması qadağan edilməlidir”.

Diyetoloq bildirib ki, bu məsələlərə individual yanaşmalıyıq:

“Zəncəfillə nəyisə qarışdıraraq və ya bu kimi xalq təbabəti üsulları, dərmanlarla arıqlamaq mümkünsüzdür. Ola bilər ki, 5-10 kilo çəki atasınız, amma bu, nəyin bahasına olur? İnsanın bütün immunitet sistemi çökür, ətraf mühitin infeksiyasına qarşı davamiyyət itir, maddələr mübadiləsi ləngiyir. 20-30 kiloqram arıqlasalar da, insanın immuniteti buna dözə bilməyəndə ölür. Belə üsullar ilk növbədə qaraciyərə dağıdıcı zərbə vurur, mədəaltı vəziyə zərər verir, qan dövranına mənfi təsir göstərir. Yalançı üsullardan istifadə ya öldürür, ya da əksinə daha çox çəki aldırır”.

 
Ləman Süleymanova

L.Süleymanova qeyd edib ki, kortəbii şəkildə arıqlayanda çəkini uzun müddət olduğu kimi saxlamaq qeyri-mümkündür:

“Zəncəfillə qatıq qarışımı kimi üsullara tez-tez rast gəlirik. Bunun arıqlatması mümkün deyil. Hansısa qida orqanizmə müxtəlif saatlarda, fəsillərdə fərqli təsir edir. İnsanların fizioloji quruluşu, orqanizmin qidalara reaksiyası da başqadır. Məsələn, meyvəni axşam yeyəndə onun zərəri olur, nəinki, faydası…Yaxud yeməkdən dərhal sonra meyvə istehlakı həzm sistemini bərbad vəziyyətə qoyur. Özbaşına arıqlama üsulları ümumiyyətlə məsləhət deyil. Zəncəfilin tərkibində çox faydalı maddələr var. Amma sırf çəki atmaq üçün onu normadan artıq qəbul etmək ciddi problemlərə yol açır. Bu bitkidə olan yandırıcı maddələr sağlam insanın belə mədəsində fəsadlar yarada bilir. Mədə-bağırsaq sistemindən narazılığı olan adamlarda isə ümumiyyətlə qanaxmaya gətirib çıxarması mümkündür. Qara ciyər serrozu, öd daşı xəstəliyi və sair olanların zəncəfildən istifadə etməsi heç də yaxşı nəticələnmir. Bir bitkidən kortəbii istifadə etmək olmaz. Zəncəfillə qatığın bir-birinə zidd tərkibləri də var. Hətta bu, zəhərlənməyə yol aça bilər”.

Избранный
48
referans.az

1Источники