RU

Ayxan Abbasov: “Sabah”a qol vurandan sonra nəticəyə oynadıq”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamı, rəhbərliyi və azarkeşləri təbrik edirəm. Həqiqətən bizim üçün önəmli qələbə idi. Hər xal qızıla bərabərdir. Sevindirici hal odur ki, xal qazanmağı davamlı edə bilirik. Buna ehtiyacımız var idi. Çünki stabillik çatmırdı. Bunun səbəbləri bəllidir. Yeni komandayıq, bəzi səbəblər oldu. Bu gün taktiki baxımdan rəqibə üstünlük vermədik. Oyun orta xətdə gedirdi. Qol vurandan sonra nəticəyə oynadıq. İkinci hissədə tempin yüksək olmaması normal idi. Bu 3 xal bəlkə də Premyer Liqada qalmağımıza çox böyük dəstək olacaq”.

Ayxan Abbasov komandasına qələbə qazandırmış yeganə qolun müəllifi Edqar Adilxanovun milliyə çağırılmasının hələ tez olduğunu vurğulayıb:

“Məncə, hələ milli üçün tezdir. Gəlin, tələsməyək. Bir çox futbolçular olub ki, parlayıb tez bir zamanda sönüblər. Edqarın böyük potensialı var. Amma hələ ilk addımlarını atır. Belə oynamağa davam etsə, milli komandaya namizəd ola bilər. Gənc futbolçu millidə formanı qazanandan sonra heç kimə verməməlidir. Elvin Cəfərquliyevi, Toral Bayramovu nümunə gətirə bilərəm. Bu gün Edqar milliyə hazır deyil. İnanıram ki, belə davam etsə, hazır olacaq”.

“Şamaxı”nın çalışdırıcısı transfer planlarından da söz açıb:

“Bir futbolçu transfer etmək istəyirik. Dünən gecə Azərbaycana gəlib. Tibbi müayinədən keçəndən sonra müqavilə imzalayacaq. Belaydi Pusi gedəndən sonra bu istiqamətdə işimizi davam etdirirdik. Komandamıza uyğun hücumçudur. Ona inanırıq”.

“Azərbaycanlı futbolçulara heç bir antipatiyam yoxdur” – Berezutski

“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Araz-Naxçıvan”la matçla müqayisədə bu gün inamsız oyun sərgilədik. Oyun zamanı çoxlu fasilələr oldu. Bunlar oyunun sürətini, intensivliyini azaldır. Bunu edən yalnız rəqib komanda idi. Müasir futbolda intensivlik çox önəmlidir. Rəqibin futbolçuları bəzən 3 dəqiqə, hətta daha çox fasilələrə səbəb olurdular. Amma bu, bizim üçün bəhanə olmamalıdır. Daha yaxşı oynayıb qalib gəlməli idik. Əminliklə deyə bilərəm ki, bu oyunu aktivimizə yaza bilmərik.

Mövqe hücumları zamanı rəqibin sıx müdafiəsini yara bilmirik. Onlar bizi əks-hücumlarda yaxalayıb qollar vurur. Bu, bəlkə də futbolçuların səviyyəsi ilə bağlıdır. Turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda hər zaman belə olur.

Futbolda liderin olması çox önəmlidir. Lider komandanı öz arxasınca aparır, istiqamət verir. İnanıram ki, bizdə də belə bir futbolçu olacaq və komandanı irəli aparacaq”.

Berezutski gəldikdən sonra kapitan Elvin Camalovdan imtina etdi, daha sonra Abdulla Rzayev və Şakir Seyidovu əvəzedici komandaya göndərdi. Rusiyalı mütəxəssis “yerli futbolçulara olan antipatiyanızın səbəbi nədir” sualına belə cavab verib:

“Heç bir antipatiyam yoxdur. Seymur yenidən meydana qayıtdı. Xəyal Əliyev bizdə əsas heyətdə oynayır. Qərarım oyunçuların keyfiyyəti ilə bağlıdır. Bizim istədiyimiz oyuna uyğun deyillər. Futbolda işə yanaşma da çox önəmlidir”.

Избранный
33
7
arena.az

8Источники