RU

Azərbaycanın Olimpiya medalı qazanan ilk və yeganə qadın pəhləvanı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan idmanında qadınlar böyük zirvələri fəth etməkdə heç də kişilərdən geri qalmırlar. Hələ uzaq 2000-ci ildə Zemfira Meftahətdinova Sidneydə qızıl medal qazanmaqla Olimpiya çempionu adını qazanmışdı. Sonrakı olimpiadalarda da qızlarımız dəfələrlə fəxri kürsüdə yer aldılar, fərdi növlərdə Avropa və dünya çempionatlarında saysız medallar əldə etdilər, həndbol, voleybol kimi komanda yarışlarında uğurlar qazandılar. Onların arasında biri var ki, ölkəmizdə qadın idmanı dedikdə ağla ilk olaraq məhz o gəlir. Söhbət qadın güləşinin əfsanələrindən olan Mariya Stadnikdən gedir.
Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Ədalətsizliklə başlayan karyera
1988-ci ilin 3 iyununda Ukraynanın Lvov şəhərinin kəndlərindən birində dünyaya gələn Mariya 12 yaşında güləşlə məşğul olmağa başlayıb. O, peşəkar idmançı olmaq fikrindən uzaq olsa da, bacarığını görən məşqçilər belə bir istedadı itirmək istəmirlər. Çoxsaylı təkidlərdən sonra balaca Mariya güləşi özünə peşə seçir. Tezliklə Ukraynanın ən yaxşılarından birinə çevrilən qızcığaz 15 yaşında yeniyetmələr arasında Avropa çempionu olur. Ardınca gənclər arasında dünya çempionatında da hamını üstələyən Stadnik üçün növbəti mərhələ Ukrayna qadın yığması idi. Lakin burada o, ədalətsizliklə üzləşir. Yığmanın baş məşqçisi həm də Mariyanın əsas rəqibi İrina Merleninin şəxsi məşqçisi idi. Təbii ki, seçim də daha bacarıqlı Mariya deyil, məhz Merleni olur. Bu məqamda Azərbaycandan gələn təklif Stadnikin karyerasını da, həyatını da tamamilə dəyişir.
Fantastik karyera
2007-ci ildən Azərbaycan bayrağı altında çıxış etməyə başlayan 19 yaşlı idmançı növbəti il ölkəmizi Pekin Olimpiadasında təmsil edir. Burada o, köhnə tanışı İrina Merleni ilə birgə bürünc medal əldə edir. Dörd il sonra növbəti dəfə onların yolu kəsişir. London Olimpiadasında Azərbaycan idmançısı yarımfinalda İrinaya qalib gələrək, kimin güclü olduğunu bir daha sübut edir. Ölkə tarixinin ən titullu idmançılarından biri olan Mariya ümumilikdə dörd dəfə Olimpiya Oyunlarının medalına sahib olub və bunu bacaran üç qadın güləşçidən biridir. O, iki dəfə finalda uduzubsa, iki dəfə də fəxri kürsünün üçüncü pilləsində yer alıb. Mariya Azərbaycanın Olimpiya medalı qazanan ilk və yeganə qadın pəhləvanı ünvanını özündə saxlayır. Stadnik iki dəfə dünya, 10 dəfə də Avropanın ən güclüsü adını qazanıb, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında isə ümumilikdə dörd çempionluğu var. Saysız-hesabsız digər uğurlar da əldə edən Stadnik 10 dəfə Azərbaycanda ilin idmançısı seçilib. Onun medal kolleksiyasında çatışmayan yalnız Olimpiya qızılıdır. Belə karyera ilə uzlaşmayan bu məqamı isə sadəcə şanssızlıqla əlaqələndirmək olar.
Diqqətəlayiq xidmət
Stadnikin uzun illər Azərbaycan idmanına şərəflə xidmət etməsi, şübhəsiz, diqqətdən kənar qala bilməzdi. Onun parlaq nəticələri, ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməsi, dəfələrlə bayrağımızı ucaltması dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Mariya Stadnik Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla "Tərəqqi" medalı, "Şərəf", 1-ci dərəcəli "Vətənə xidmətə görə", 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib. İdman nailiyyətlərinə görə Azərbaycanın ən yüksək mükafatlarına layiq görülən güləşçi Azərbaycanı təmsil etməyi və əməyinə görə yüksək mükafatlar almağı özü üçün böyük şərəf hesab etdiyini bildirib. İllər əvvəl ədalətsizliklə üzləşən Mariya həqiqi dəyərini məhz burada görmüş olub. Stadnik əslən azərbaycanlı olmasa da, ölkə ilə bağlı sosial-siyasi məsələlərdə də haqq mövqeyimizi həmişə ifadə etməklə, Azərbaycan insanında özünə sevgi qazanmağı bacarıb.
36 yaşında peşəkar idmanla vidalaşdığını açıqladı
Mariya Stadnik ötən ay 36 yaşında peşəkar idmanla vidalaşdığını açıqladı. Lakin o, güləşdən aralanmayacaq. Mariya Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib. O, bundan sonra funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.
İdmançı kimi yüksək fiziki hazırlığı, nizam-intizamı, peşəkarlığı, mübarizə əzmi və ən əsası - sabitliyi ilə diqqət çəkən Mariyanın qarşısında indi yeni bir missiya var. O, bu keyfiyyətlərini gənc azərbaycanlı qadın güləşçilərə aşılamalıdır. Əslində qızlarımız üçün formul sadədir. Mariya Stadnik qədər inadkar, əzmkar, intizamlı və stabil olmaq. O, gənc güləşçilər üçün canlı nümunədir. Saysız-hesabsız uğurlar qazandıqdan sonra 35 yaşında inadla Avropa çempionatında güləşmək və çempion olmaq - Stadnik məhz bu əzmkarlığın sahibidir. İstedadlı güləşçilərimiz onun bu keyfiyyətlərinə yiyələnə bilsələr, kim bilir, bəlkə də Mariya Stadnikin reallaşdıra bilmədiyi yeganə arzusuna çatacaq, Olimpiya qızılını ölkəmizə gətirəcəklər.
Избранный
27
oxu.az

1Источники